14 yaşlı uşağı ayı öldürüb, yoxsa?.. – Alimlər

Oğuzda 14 yaşlı Cəbrayıl Məmmədlinin ayının hücumu nəticəsində ölməsi ilə bağlı müzakirələr getməkdədir. Uşağın başında yalnız bir zədənin olması və bədəninin parçalanmaması onun ayının hücumuna məruz qalmadığı versiyasını gündəmə gətirib.

Bəs, ayı hansı halda insana hücum edə, ancaq parçalamaya bilər?

Biologiya üzrə fəlsəfə doktoru, dosent Raqif Əliyev Axar.az-a bildirib ki, ayılar qış yuxusundan ayılanda aqressiv olurlar, insanlara hücum edə bilirlər:

“Bu arealda yaşayan ayılar əsasən çay balığı, giləmeyvə və bal ilə qidalanırlar. Azərbaycanda əsasən qonur ayılara rast əlinir. Onlar Qafqaz dağlarında və Talış meşələrində olur. Qonur ayı həm bitkilərlə, həm heyvan mənşəli ətlərlə qidalanır, amma qida rasionları əsasən giləmeyvədir”.

AMEA-nın Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən biologiya elmləri doktoru Elşad Əhmədov isə qeyd edib ki, ayının uşağı vurub qaçmasının müxtəlif səbəbləri ola bilər:

“Ayı adətən tox olanda qarşısına çıxan təhlükəni zərərsizləşdirmək üçün onu vurur, ancaq parçalamır və yemir. Ayı adətən ac olduğu vaxt hücum edir və bu zaman qarşısındakını parçalayır. Ancaq toxdursa, hədəfini ancaq zərərsizləşdirə bilər. Çünki ayılar ac olmadıqca hücum etmirlər. Ola bilər ki, çay kənarında uşaqla ayı qarşılaşıb və qaranlıq olduğu üçün ayı uşağı özünə təhlükə hesab etdiyinə görə ona hücum edib”.

E.Əhmədov vurğulayıb ki, ayı ac olsaydı, uşağı sürüyüb aparardı, haradasa saxlayardı:

“Bir nüans da nəzərə alınmalıdır ki, indi əksər evlər meşəlik ərazilərə çox yaxın tikilir. Əgər hadisə evlərdən o qədər də uzaqda baş verməyibsə, ola bilər ki, evlərdən düşən işığa görə ayı ərazidən uzaqlaşıb. İndi ayılar meşədə qida tapa bilmədikləri üçün evlərin yaxınlığına da gedib çıxırlar. Ayıların yaşayış arealı indi çox daralıb”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Honkonqda yenidən aksiyalar başlayıb - VİDEO

SONRAKI XƏBƏR

Aysel Əlizadə: “Həyatımda heç kim yoxdur” - VİDEO