“Qəzada həlak olan hərbçimizin hər biri 40 düşmənin başını əzə bilən oğullar idi, amma...”

“Qəzada həlak olan hərbçimizin hər biri 40 düşmənin başını əzə bilən oğullar idi, amma...”

Xəbər verdiyimiz kimi mayın 1-dən 25-dək 27 yol-nəqliyyat hadisəsi baş verib və 33 nəfər həlak olub. Bir neçə gün öncə Sumqayıtda qəza nəticəsində həlak olan dörd hərbçimizin hadisəsi də cəmiyyəti məyus etdi.

Moderator.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı yol-nəqliyyat hadisələrinin səbəblərinin müxtəlif olduğunu bildirdi:

“Yol-nəqliyyat hadisələrinin baş vermə səbəbləri müxtəlif olur, yəni hamısı eyni səbəbə baş vermir. Ona görə də hadisələrdən danışanda fərdi yanaşmaq və təhlil etmək lazımdır. Burda iki səbəb ortaya çıxa bilər, qəza baş verir avtomobilin nasazlığı üzə çıxır, amma həm də sürücü də sürət həddini aşır. Sumqayıtda baş verən hadisədə sürücü əks-istiqamətdi yola çıxıb ötmə əməliyyatı aparır və qəzadan sonra məlum olur ki, onun sürücülük vəsiqəsi yoxdur. Sürücünün sürücülük vəsiqəsi olsaydı, o, hansı addımı atacaqdı bu məlum deyil. Ancaq yol-nəqliyyat hadisələrinin baş vermə səbəbi araşdırılanda görürsən ki, eyni səbəblərdən asılıdır. Ağır yol-nəqliyyat hadisələri daha çox karantin dövründə müşahidə olundu. Karantin rejimində hər gün avto-xuliqanlar həbs edilirdi və bunları kim qızışdırıb küçələrə salmışdı, bilmirəm. Yol şəraitinin özü də qəzalara səbəb olan amillərdən biridir. Məsələn, Gəncədə baş verən yol-nəqliyyat hadisəsi zamanı avtomobil yoldan çıxaraq quyuya düşmüşdü. Çünki yol təsərrüfatına cavabdeh olan məsuliyyətsiz şirkət quyu qazıb orda nişan qoymadığı üçün qəza baş verir və hadisədən sonra əraziyə nişan quraşdırıb deyirlər ki, nişan qurmuşduq, amma sürücü görməyib. Əslində belə olmamalıdır və belələri cinayət məsuliyyətinə cəlb edilməlidir.

Yolların işıqlandırılmaması, sürət həddi, ötmə qaydalarının pozulması da qəzalara səbəb olur. Heç kim sürücüyə demir avtomobilini belə sür, bu sürücünün özündən asılıdır, kimsə çıxıb yolda ədabazlır edir və sonda nəticə faciəylə bitir. Bu da insanın düşüncəsindən asılıdır. Sadəcə olaraq qəzalarda itirən təkcə bir ailə deyil, bütövlükdə bir cəmiyyət itirir. Təsəüvvür edin ki, Sumqayıtdakı qəzada dörd hərbçimiz həlak oldu. Onların hər biri qırx düşmənin başını əzə bilən oğullar idi, kəşfiyyata gedib düşmənə daha böyük zərbə vura bilərdilər. Onlar gələcəkdə 4-5 min əsgər hazırlaşdıra bilərdi. Bu hərbçilərin peşəkarlaşması üçün dövlət illərdir xərc çəkir, indi məsuliyyətsiz bir sürücü bir dəqiqənin içində dörd nəfərin həyatına son qoydu. Burda itirən sizsiniz, bizik, dövlətdi, cəmiyyətdi, hamı itirir. Qəzada bir müəllim ölür, bir sinif başsız qalır. Ona görə də qəzalara dur demək üçün cəmiyyət olaraq mübarizə aparmalıyıq”.

Mənbə: moderator.az