“Bu cür hallardan sonra həmin uşağı valideynin yanında qoymaq təhlükəlidir...”

“Bu cür hallardan sonra həmin uşağı valideynin yanında qoymaq təhlükəlidir...”

İki gün öncə Bakı şəhərində İsmayılov Fikrət Hüseynqulu oğlunun 2009-cu il təvəllüdlü övladı İsmayılov Canəliyə baş nahiyəsindən yumruq və bıçaqla xəsarət yetirməsi cəmiyyətdə müzakirələrə səbəb oldu.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Moderator.az-a açıqlamasında atasının övladına dilənçiliyə görə yox, evə gec gəldiyinə görə xəsarət yetirdiyini bildirib:

“Bakı Şəhər Baş Polis İdarəsinin məlumatında bildirilir ki, hadisə araşdırılıb və məlum olub ki, ata uşağını dilənçiliyə məcbur etməyib, sadəcə uşaq evə gec gəldiyi üçün atası övladına əsəbiləşib və xəsarət yetirib. Əgər dilənçiliyə məcburetmə olsaydı, bu insan alveri kimi qiymətləndirilərdi. Amma övladına xəsarət yetirən valideyn cəzalandırılacaq. Bildirilir ki, ata övladına bıçaqla xəsarət yetirməyib. Bu cür hallardan sonra həmin uşağı valideynin yanında qoymaq təhlükəlidir. Əslində biz yenə deyirik ki, qaydalarda dəyişiklik etmək lazımdır. Valideynlərdən uşaqlar alınmalıdır və o valideynlər atalıq və ya analıq hüququnu yerinə yetirə bildiyini sübut edənə qədər uşaq dövlət müəssisəsində qalmalıdır. Bu təcrübə Avropada da var. Yoxsa ki, valideynlər istədiyi kimi uşaqlarla rəftar edə bilir. Əgər valideyn özünü bərpa edə bilmirsə, öz üzərində çalışmırsa, onda uşaq başqa ailəyə verilsin. Bizdə indi bu qanunlar o qədər də hələ inkişaf etməyib. Məsələn, Avropada uşağı başqa ailəyə verirlər və həmin ailə uşağı tərbiyyələndirir. Bizdə uşaqlar dövlət müəssisəsinə gətiriləndə artıq bütün yük dövlətin üzərinə düşür. Valideynlərin əskəriyyəti uşaqla davranışda köhnə, ənənəvi üsuldan istifadə edirlər. Onların övladlarıyla normal davranması üçün qaydalar sərtləşdirilməlidir. İndi cəzanın da metodları var, nəyisə qadağan etmək olar, amma valideynin uşağa xəsarət yetirməsi onun uşağa valideyn kimi yox, əşya kimi davrandığını sübut edir”.

Vasif Əlihüseyn

 

Mənbə: moderator.az