Georg Floyd-un ölümü: ABŞ boyunca etiraz və toqquşmalar

Georg Floyd-un ölümü: ABŞ boyunca etiraz və toqquşmalar

ABŞ-ın Minneapolis şəhərində silahsız qaradərili Georg Floyd-un ölümü ilə əlaqədar keçirilən etirazlar vaxtı polislə nümayişçilər arasında toqquşmalar baş verib.

Washington-da, Ağ Evin yaxınlığında toplaşan yüzlərlə insan ədalətin bərpasına çağırıb. ABŞ şəhərlərindəki etirazlar Minneapolisin özündə bir neçə gün davam edən talan və yanğınlardan sonra yer alır.

Çərşənbə axşamı günü yüzlərlə insan Floyd-un həbs edilərkən öldüyü yol kəsişməsinə çıxıb. Bundan əvvəl etirazçılar tərəfindən yerli polis bölməsinə od vurulub.

Georg Floyd-un dediyi "Nəfəs ala bilmirəm!" sözləri ölkə boyunca keçirilən etirazların əsas şüarıdır.

Atlanta şəhərində zorakı hərəkətlərə əl atan etirazçılar, polis maşınlarını yandırıb, hüquq-mühafizə qüvvələrinə hücum ediblər. Atlanta polisinin nümayəndəsinə görə, ən azı üç polis əməkdaşı yaralanıb. Bir neçə nəfərin həbs olunduğu bildirilir.

Polislə etirazçılar arasında toqquşmalar New York-un Brooklyn bölgəsində də da baş verib. Dallas şəhərində zabitləri daşa tutan etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunub. Los Angeles və Oakland-da etiraz əlaməti olaraq yollar bloklanıb.

46 yaşlı Georg Floyd mayın 25-də həbs edilərkən ölüb. Hadisəni təsvir edən videoda Floyd-un boğazını dizi ilə yerə sıxan polis əməkdaşını görmək olar. Floyd dəfələrlə nəfəs ala bilmədiyini deyir.

Polisə əsasən, saxta pulun istifadəsiylə bağlı xəbəri yoxlayan polislər Floyd-a yaxınlaşarkən müqavimətlə üzləşiblər. Hadisə ilə əlaqədar işdən çıxarılan dörd polis işçisindən biri həbs edilib.

Lakin həbs və araşdırma barədə xəbərlər etirazları dayandırmayıb. Küçələrə çıxan sakinlər həbsdə iştirak edən daha üç polisin məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Mənbə: www.bbc.com