Şəkidə 1-ci qrup əlilin dəhşətli qətli ilə bağlı – Yeni xəbər

Şəkidə 1-ci qrup əlilin dəhşətli qətli ilə bağlı – Yeni xəbər

Şəkidə 1-ci qrup əlili öldürməkdə təqsirli bilinən Orxan Yusiflinin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.

Teleqraf.com-un xəbərinə görə, Şəki rayon Məhkəməsində hakim Pərviz Hacıyevin sədrliyi ilə baş tutan prosesdə istintaq orqanın təqdimatı təmin olunub.

Orxan Yusiflinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 aya qədər artırılıb.

İttihama görə, bu ilin yanvarın 29-da, saat 20 radələrində Şəki şəhərində yerləşən fərdi yaşayış evlərindən birində 1976-cı il təvəllüdlü, 1-ci qrup əlil Eyvaz Səmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə məlumat daxil olub.

Dərhal prokurorluq, polis əməkdaşlarının və məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə maddi sübutlar müvafiq qaydada qablaşdırılaraq götürülüb, müvafiq ekspertizalar təyin edilib.

Təxirəsalınmaz istintaq tədbirləri ilə hadisənin şəhər sakini, 1993-cü il təvəllüdlü Orxan Yusifli tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Orxan Yusifli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Müəyyən edilib ki, Orxan Yusifli dostu İlkin Məmmədzadə ilə birlikdə qətli törətməyə qabaqcadan razılığa gəliblər.

Lakin İlkin Məmmədzadə qətl hadisəsi törədilən yerə gəlməsə də, baş verən ağır cinayət hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib.

Polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində İlkin Məmmədzadə də həbs edilib.

Orxan Yusiflinin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu işdə adı keçən İlkin Məmmədzadənin isə barəsində Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə ittiham elan edilib.

İlkin Məmmədzadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti aprel ayında 2 aya qədər artırılıb.

Şəki rayon Prokurorluğunda istintaq davam edir.

Mənbə: teleqraf.com