Azərbaycan yollarında hər gün ölüm, hər gün qan… VİRUSDAN DA TƏHLÜKƏLİ BƏLA

Azərbaycan yollarında hər gün ölüm, hər gün qan… VİRUSDAN DA TƏHLÜKƏLİ BƏLA

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejiminin elan edilməsindən sonra yollarda hər gün alışdığımız qanlı qəzalar da kəskin azaldı, təxminən bir aya yaxın-aprel ayı ərzində ölkədə ölümlə nəticələnən yol qəzaları haqda xəbərlər çox nadir hallarda eşidilirdi. Lakin karantin rejiminin yumşalması ilə yollarda nəqliyyatın hərəkət intensivliyi də artmağa, paralel olaraq ölümlə nəticələnən qəzaların da artmasına gətirib çıxardı. Son günlər isə faciəli qəzalar daha da artıb, hər gün bir neçə nəfər yollarda can verir.

Virtualaz.org xəbər verir ki, təkcə son iki gün ərzində ölkə ərazisində 10 nəfər yol qəzalarında həyatını itirib. Karantin günlərində dünyada avtomobil qəzalarının sayında azalma müşahidə olunsa da, Azərbaycanda statistik rəqəmlər bunun əksini deyir. Daxili İşlər Nazirliyinin yaydığı rəsmi xronikaya görə, son iki həftə ərzində yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 32 nəfərdir. 26 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Statistikaya nəzər salsaq, bu ilin ilk 3 ayında baş verən avtomobil qəzalarının sayının da artdığını görərik. Belə ki, yanvar, fevral və mart ayları ərzində ölkə ərazisində 421 avtomobil qəzası baş verib ki, bu da ötən ilin müvafiq dövründən 12,6 faiz çoxdur.

Bəs hərəkətin məhdudlaşdırıldığı vaxta yol qəzalarının sayının bu qədər çox olması hansı səbəblərlə bağlıdır? Qəza və ölüm hadisələrinin sayını necə azaltmaq olar?

 

“Karantin qüvvədə olsa da qəzalar baş verir...”

Nəqliyyat üzrə ekspert Azər Allahverənovun virtualaz.org-a bildirdiyinə görə, karantin müddəti olsa da, yollarda avtonəqliyyat vasitələrinin sayı azalmayıb.

“Karantin dövündə yol qəzalarında ölən və yaralananlarla bağlı statistika böyük statistika sayılır. Çünki bilirik ki, karantin dövründə yollarda, xüsusən də, rayonlararası yollarda məhdudiyyətlər tətbiq olunur. İstənilən halda, xoşagələn hal deyil ki, bu qaydaların qüvvədə olduğu bir vaxtda bu qədər yol nəqliyyat hadisəsi baş verir. Lakin bunu onunla əlaqələndirməməliyik ki, karantindir deyə qəza sayı az olmalıdır. Bəli, mart ayından bu yana karantin tətbiq edilir. Bu müəyyən mənada hərəkətdə olan insanların sayının azalmasına gətirib çıxardı. Amma yollarda hərəkət edən avtomobillərin sayının azalmasına kəskin şəkildə təsir etmədi. Yollarda nəqliyyat vasitələrinin hərəkəti necə var idisə, elə də qaldı. Hətta karantinin ən sərt dönəmlərində belə kifayət qədər çox, hətta tıxaca səbəb olacaq sayda nəqliyyat vasitələrini müşahid etdik. Nəqliyyat vasitələri hərəkətdədirsə, yol-nəqliyyat hadisələri də var. Karantinin mövcudluğu heç də bu səbəblərin yox olması demək deyil”.

Ekspert bildirir ki, qəza hadisələrinin səbəbləri yenə də sürət həddininin gözlənilməməsi, düzgün manevr edilməməsi, ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi ilə bağlıdır. Bundan əlavə, sürücülər çox qaydalara laqeyd yanaşırlar və onlara əhəmiyyət vermirlər.

A.Allahverənovun sözlərinə görə, kifayət qədər maarifləndirmə işləri aparılsa da, sürücülər avtomobili idarə edərkən bir prisipi əsas götürürlər, “mən peşəkaram, mənə heç nə olmaz”. Qəzaya düşənə qədər də bu cür fikirləşirlər. Eksper bildirir ki, onlar peşəkar olsalar belə, fors-major vəziyyətlərdə bu onları sığortalamır.

Qəzaların qarşısının alınmasına gəlincə isə, ekspert hesab edir ki…

“Qaydalara etinasız yanaşan sürücülərin sayı da çoxdur. Cərimə sanksiyalarının artırılması da onların sayını azltmadı. Cərimələrin artırılması heç də yaxşı mexanizm deyil. Biz yollarda elə nəzarət mexanizmi qurmalıyıq ki, hərəkət edən sürücü DYP-nin nəzarətni hiss etsin. Bura xüsusi texniki cihazlar, müşahidə kameraları vasitəsilə izləmə aid ola bilər. İndiki dronlar bu baxımdan əlverişli ola bilər. Avtomagistrallarda kameraların, stasionar postların yoxluğunu təxmin edən sürücülər sürəti artırmasınlar və bilsinlər ki, onları hansısa dron da izləyə bilər. Lakin bununla yanaşı yenə də maarifləndirmə işi aparılmalıdır”.

Qeyd edək ki, Azərbaycanda hər il orta hesabla 3500-dən artıq yol-nəqliyyat hadisəsi baş verir. Təxminən 1000-dən artıq insan bu qəzalarda həyatını itirir, 3000-dən çox sərnişin və piyada isə müxtəlif xəsarətlər alır.

Mənbə: virtualaz.org