Azərbaycanda silsilə cinayətlər törədən dəstənin məhkəməsi başlayır

Azərbaycanda silsilə cinayətlər törədən dəstənin məhkəməsi başlayır

Şəmkir və ətraf rayonlarda, həmçinin paytaxtda quldurluq və oğurluq etməkdə təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Xaqani Səmədovun icraatında olan iş üzrə hazırlıq iclası iyunun 12-nə təyin edilib.

Qeyd edək ki, ittihama görə dəstə üzvləri ötən ilin noyabr ayında Şəmkir rayonu Bayramlı kəndində Mikayıl Həsənova məxsus fermanın gözətçisi Məhəmməd Kazımova soyuq silahla hədə-qorxu gələrək mal-qaranı oğurlayıblar.

Məlum olub ki, dəfələrlə məhkumluq həyatı yaşayan Gəncə şəhər sakinləri Rəşad Vəliyev, Roman Moskalyov və Bakı şəhər sakini Oleq Sinsin saxlanılıb.

Onlarla cinayətdə iştirak edərək tanışları vasitəsilə mal-qaranın satışını təşkil edən Tovuz rayon sakini Feyruz İbrahimov da saxlanılıb.

Araşdırmalarla həmin şəxslərin bundan əvvəl də Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisindən 60 baş, 80 baş, eləcə də Tovuz rayonunda 2 baş iribuynuzlu heyvanları oğurlayaraq Feyruz İbrahimova satdıqları məlum olub.

Həmçinin qrupun üzvü Rəşad Vəliyev Tovuz rayonunda bir mənzildən qızıl-zinət əşyları da oğurlayıb.

Dəstənin paytaxtda avtomobillərdən də oğurluq etdikləri məlum olub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Mənbə: report.az