100 manata satılan, gecə itlərin qabağına atılan, atası tərəfindən ZORLANAN UŞAQLAR - VİDEOREPORTAJ

100 manata satılan, gecə itlərin qabağına atılan, atası tərəfindən ZORLANAN UŞAQLAR - VİDEOREPORTAJ

Əslində ora getməyə, həmin məkan haqqında reportaj hazırlamağa çəkinirdim. Gecə boyu bu barədə düşünüb, hətta sonana qədər tərəddüd edirdim. Çəkiliş isə səhər saat 11-ə planlaşdırılmışdı.

Vaxt vədə çatdı və yollandıq həmin yerə. Artıq uşaq sığınacağının qarşısında idik. Qapını Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə açdı və elə qapıda da hərarətimizi ölçdü. Nə də olsa gələcəyimiz olan uşaqların yaşadığı evə gəlmişdik.

Qapıda qarşılayanlar uşaqlar elə sevincli idi ki... Qonağımız gəldi deyib gülümsəyirdilər.

Bir azdan bu məsum körpələrin bir neçəsinin taleyi ilə tanış olacağam.

Yalan deməyəcəyəm. Sığınacaqda ağır taleləri olan azyaşlıların olduğu barədə məlumatlı idim. Amma bu dərəcə dəhşətli və qarşıda eşidəcəklərimi dərk etmək üçün mənə vaxt lazım olacağını düşünməmişdim.

Bu sığınacaqda kafedə 100 manata satışa qoyulan Uğurun, gecə vaxtı küçədə itlərin önündən son anda xilas edilən Lalənin, anası vəfat edənsən sonra atası tərəfindən cinsi münasibətə məcbur edilən 9 yaşlı qızcığazın həyat hekayəsini eşidəndə sanki bu uşaqların cəhənnəmi elə bu dünyada gördüyünə inandım.

Sığınacağın artisti

Uğurun uğursuz hekayəsi elə dünyaya gələndən yazılmağa başlayıb. Sığınacağa is televiziyadakı sosial verilişlərdən birindən sonra gətirilib. “Ana”sı ondan imtina edib “mənə lazım deyil” deyib. Hətta körpə yaşında kafedə 100 manata satışa qoyulduğu da deyilir.
Uğurun adı ona heç də düşərli olmayıb. Hətta sığınacağa gətiriləndə həkimlər onun yaşaması üçün bir sutka mübarizə aparıblar. Uğur ürək çatışmazlığından əziyyət çəkir. Mütəmadi olaraq müayinələrdən keçir.
Buna baxmayaraq, onu sığınacağın "artist"i adlandırılır. Bəlkə də burada onun qədər kamera qarşısında sərbəst olan ikinci uşaq yoxdur.
Kəmalə xanım deyir ki, Uğur bu sığınacaqda dil açıb: “Uğur ilk uşaqdır ki, bu sığınacaqda mənə “mama” deyib. O sözü oğlumdan sonra mənə deyən ikinci biri Uğurdur”.
Bu sığınacaqda hər kəsin taleyi müxtəlifdir, lakin onları birləşdirən bir cəhət var. Körpə yaşından valideyn sarıdan bəxtlərinin gətirməməsi...

İtlərin qabağına atılan Lalə

Gecə yarısı isti yatağında yatmalı olan yaş yarımlıq Laləni qaranlıq küçədə bir neçə itin əhatəsindən xilas ediblər.
K.Ağazadə deyir ki, balaca Lalə narkoman tərəfindən diləndirilib, sonra isə küçəyə atılıb: ““Roma” (qaraçılar) qrupunda uşaqları kirayə vermək kimi bir adət var. Lalə də o uşaqlardan biridir. Onlar Azərbaycanın müxtəlif bölgələrində yaşayırlar. Uşaqlarını isə diləndirmək üçün qohumlarına verirlər. Buna görə də bu qrupdan olan şəxslərin evində 9-a yaxın uşaq olur. Uşaqlar gündüz qazandıqlarını axşam gətirib həmin qohuma verirlər. Həmin şəxs isə uşaqların bölgələrdəki ailəsinə gəlirdən faiz göndərir”.
Sığınacaqda Laləyə dayanmadan əlini dilənmək üçün açaraq oynamağını bir ilə tərgidiblər.

“Mişanı tapanda ayaqlarını don vurmuşdu”

Təcavüz ən ağır cəzanı tələb edən cinayətdir. Bu iyrənc hərəkətlə üz-üzə qalan çox sayda uşaq var. Onlardan bir neçəsi də realibitasiyadan keçir. 8 yaşlı Mişa kimi...
Mişa əyyaş atalığı və anasının ona verdiyi əzab-əziyyətlərdən qurtulmaq üçün zirzəmidə gizlənib. Valideyn nəvazişindən məhrum olan azyaşlı 10-dan şəxsin dəfələrlə təcavüzünə məruz qalıb. Xəstəxanaya çatdırılanda isə onun ayaq barmaqlarını don vurubmuş. Buna görə də hər iki ayağındakı barmaqları amputasiya edilib: “Mişa Rusiya vətəndaşı idi. Onu xəstəxanadan tapmışdım. Gözünü açıb məni görəndə ilk sözü “sən kimsən” dedi və onu valideynlərinə verməməyimi xahiş etdi. Bir ay ərzində Mişanı qəyyumluğuma almaq üçün döymədiyim qapı qalmadı. Buna nail ola bildim. O sığınacaqda olanda palma ağaıcının tikanlarını qoparıb uşaqlara batırırdı. İstəyirdi ki, bütün uşaqlar ağrının nə olduğunu bilsinlər. Onu reabilitasiyadan keçirdikdən sonra isə tamamilə dəyişdi. Sığınacaqdakı ən xeyirxah uşağa çevrildi. Sonra nənəsi Rusiyadan gəldi və onu özü ilə apardı. Mişa məndən inciyərək ayrıldı. Düşünürdü ki, mən onu yanımda saxlayacağam. Amma o uşaq olduğundan başa düşmədi ki, valideyn, yaxud nənə olduğu halda onu mənim himayəmə verməzdilər. Mişa gedəndə bir söz dedi, dedi ki, 18 yaşım olan kimi bura qayıdacaq”.

“Atası onu 4 il zorlayıb”

Mişanın nənəsi ona sahib çıxdı. Bəs Aynur (ad şərtidir)?
Bu qızcığazın anası 4 il öncə, o hələ 9 yaşında olanda dünyasını dəyişib. Həyatındakı ən böyük ağrı ilə rastlaşdığını düşünən Aynur nə biləydi ki, ona qarşıda ata dediyi şəxs ən böyük pisliyi edəcək. Onu öz yatağına salacaq. Bu da azmış kimi “bunu bütün ata və qızları edir. Çox istədikdəndir” deyərək 4 il onunla cinsi əlaqədə olacaq. Hələ hərbi xidmətdən gələn qardaşı da heyvani hisslərinə sahib çıxa bilməyib onu zorlayacaq...
Sığınacaq rəhbəri bildirdi ki, hazırda Aynurun atası və qardaşı həbsdədir: “Ən dəhşətlisi odur ki, balaca qızçığaq nə yaşadığını dərk eləmirdi. Onunla bu haqda danışanda deyirdi ki, “burada nə var ki? O məni çox istəyirdi”. Bu məsələ ilə bağlı açılan cinayət işi hələ yekunlaşmayıb. İstintaq aparılır. Üzləşmələr baş tutub. Ata və qardaş hazırda həbsdədir”.
Bu qızcığaz sığınacağa anasının portreti ilə gəlib. İlk günlər onu elə anasına aid şala büküb, vaxtaşırı gizli-gizli baxırmış. Hazırda isə həmin şəkil Kəmlaə Ağazadənin otağındadır. Daha gizlətməyə ehtiyac yoxdur.

Reportajımızın sonunda balaca Uğur bizdən sığınacağı niyə tərk etdiyimizi soruşanda donub qaldım. Amma ona yenidən qayıdacağımızla bağlı söz verdim.

Bayramınız mübarək əziz balalar...

Mənbə: news24.az