ABŞ-da kütləvi etiraz aksiyalarının gedişində 4 mindən çox nümayişçi saxlanılıb

ABŞ-da kütləvi etiraz aksiyalarının gedişində 4 mindən çox nümayişçi saxlanılıb

Bakı, 1 iyun, AZƏRTAC

ABŞ polisi son bir neçə gün ərzində davam edən etiraz aksiyalarının gedişində 4 mindən çox nümayişçini saxlayıb. Həmin şəxslərə talançılıq, komendant saatı qaydalarının pozulması, yolların bağlanması ittihamları irəli sürülüb.

AZƏRTAC The Associated Press agentliyinə istinadla xəbər verir ki, mayın 31-də keçirilən kütləvi nümayişlər iğtişaş və talançılıqla müşayiət olunub. Nyu-Yorkun Bruklin və Manhetten rayonlarında etirazlar artıq dördüncü gündür ki, səngimək bilmir. İğtişaşlar zamanı, həmçinin 33 polis əməkdaşı xəsarət alıb, 47 polis avtomobili zədələnib, yaxud yandırılıb.

Kütləvi etiraz aksiyaları səbəbindən ABŞ-ın onlarla şəhərində komendant saatı tətbiq olunub. Onların arasında Kaliforniya ştatının Los-Anceles və San-Fransisko, İllinoys ştatının Çikaqo, Corciya ştatının Atlanta, Kolorado ştatının Denver və Vaşinqton ştatının Sietl kimi böyük şəhərləri var.

ABŞ Milli Qvardiyası 15 ştatda, həmçinin Kolumbiya federal dairəsində yüksək hazırlıq səviyyəsinə gətirilib. Qvardiyanın 5 minə yaxın əməkdaşı asayişin qorunmasına cəlb edilib.

Mənbə: azertag.az