“Virus təhlükəsi bitənə qədər qaydalara əməl olunmalıdır”

“Virus təhlükəsi bitənə qədər qaydalara əməl olunmalıdır”

"Evdən çıxan zaman maskadan istifadə, sosial izolyasiya, şəxsi gigyena qaydaları nəzərə alınmalıdır”

Koronavirus bəlası artan sürətlə davam edir. Görülən tədbirlərə baxmayaraq hər gün yüzlərlə yeni yoluxma halları qeydə alınır.

Həkimlər artımın baş verməsinin səbəbini insanların hələ də koronavirus xəstəliyini ciddiyə almaması və qapalı məkanlarda olarkən tibbi maska taxmamasında görürlər.

Bu mənzərənin gözlənilən olduğunu vurğulayan ekspertlər karantin rejimi bitdikdәn sonra insanların xaotik hәrәkәti, kütləvi toplaşma hallarının olması fonunda belə bir ehtimalı göz önündә tutduqlarını qeyd edir. Hesab edirlər ki, karantin rejiminin yumşaldılması bəzi insanlarda fikir formalaşdırdı ki, guya Azərbaycanda artıq xəstəlik yoxdur və qaydaları gözləmək, maska taxmaq, sosial məsafəni qorumaq lazım deyil.

Dövlət tərəfindən koronavirusla bağlı doğru addımların atıldığını, düzgün qərarların verildiyini İnfeksionist-hepatoloq Vüsalə Yaşarın sözlərinə görə, vətəndaşlar sosial izolyasiyaya doğru əməl etsələr virusa qalib gələ bilərdik. Amma çox təəssüflər ki, Azərbaycanda COVİD-19 infeksiyasına yoluxma sayı hər gün bir az daha artır:

"Ölkədə ümumi vəziyyət qənaətbəxş deyil və getdikcə də daha da pisləşəcəyi proqnoz edilir. İnsanlarlarımız karantin qaydalarına həddindən artıq məsuliyyətsiz yanaşır və demək olar ki, sosial izolyasiya, şəxsi gigiyena qaydalarının heç birinə əməl etmirlər. İnsanlar çölə çıxarkən maskadan istifadə etmir, məsafə saxlamırlar, müəyyən gigiyenik qaydalara əməl olunmur. Bunların hamısı yoluxmaların sayının artmasına səbəb olur.

Xüsusən də karantin rejimi yumşaldılan kimi insanlar bu qərarı pandemiyanın bitməsi kimi dəyərləndirdilər və tələb olunan qaydalara daha da məsuliyyətsiz yanaşmağa başladılar. İnsanlar təkcə özlərinin yox, yaxınlarının, əzizlərinin də səhhətini nəzərə almalıdır. Kimsə immunitetinə güvənib pandemiyadan çəkinməyə bilər, amma nəzərə almır ki, virusa yoluxsa ailə üzvlərinin, yaşlı qohumlarının da həyatını riskə atır".

İnfeksionistin sözlərinə görə, virus təhlükəsi bitənə qədər hər kəs Operativ Qərargahın tələb etdiyi qaydalara əməl etməlidir:

"Evdən çıxan zaman maskadan istifadə, sosial izolyasiya, şəxsi gigyena qaydaları nəzərə alınmalıdır. Əks halda youxma statistikası daha da acınacaqlı olacaq. Bir daha qeyd edirəm ki, karantin rejiminin yumşaldılması insanlarda rahatlıq yaratmamalıdır. Nəzərə almalıyıq ki, əhali tərəfindən xüsusi karantin qaydalarına əməl edilməməsi Azərbaycanın hər bir vətəndaşının sağlamlığının qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərin səmərəliliyini təhlükə altında qoyur".

Mənbə: sherg.az