Sərnişinləri təhlükəyə atan sürücülərlə bağlı şikayətlərə baxılmır - VİDEO

Sərnişinləri təhlükəyə atan sürücülərlə bağlı şikayətlərə baxılmır - VİDEO

Quba rayonunda fəaliyyət göstərən və 1 nömrəli marşrut xətti üzrə işləyən avtobus sürücüləri sərnişinlər və sürücülər üçün təhlükə yaradırlar.
Bununla bağlı YPX.AZ-ın redaksiyasına şikayət daxil olub.
Verilən məlumatlara və daxil olan görüntülərə görə, marşrut xəttinin sürücüləri avtobusları dayanacaqdan kənarda, yol nişanlarının qarşısında nişanlar görünməyəcək şəkildə, yol ayrıclarında və yolun hərəkət hissəsində saxlayırlar. Sürücülər dayanacaqdan kənarda avtobus saxlayaraq sərnişin götürür və ya endirirlər ki, bu sərnişinlər dayanacaq və piyada keçidi olmayan yerlərdə endikdə yolu bir tərəfdən digərinə keçərkən də həyatlarını təhlükəyə atmış olurlar.
Yolun hərəkət hissəsində avtobusu anidən saxlayan sürücülər aydın məsələdir ki, digər sürücülərə də mane olur, onlara təhlükə yaradırlar.
Qeyd edək ki, Qyba rayonu ərazisində fəaliyyət göstərən 1 nömrəli marşrut xətti üzrə işləyən avtobuslar “Uğurlu YOL MMC”-yə məxsusdur. Sakinlər, sürücülərin bu nizam-intizamsız əməlləri ilə bağlı dəfələrlə şirkətə müraciət ünvanladıqlarını, ancaq dəyişən bir şeyin olmadığını da bildiriblər.
Sərnişindaşıma ölkəmizdə hər zaman diqqət mərkəzində olub, günü-gündən yaxşılaşdırılır və xidmət səviyyəsi artırılır. Ancaq iş təkcə, nəqliyyat vasitələrinin saz vəziyyətdə olması və ya təmizliyi ilə də bitmir. Xətlər üzrə işləyən sürücülər diqqətli olmalı, qayda qanunlara əməl edərək sərnişinləri və digər hərəkət iştirakçılarını da təhlükəyə atmamalıdırlar.
Təbii ki, ilk növbədə nəzarəti bu işi öz öhtəçiliyinə götürən şirkətlər lazımı formada aparmalıdırlar. Əgər hansısa özəl şirkət bu kimi önəmli mövzulara belə məsuliyyətsiz yanaşırsa, aidiyyatı qurumların lazım olan tədbirləri görəcəyini və məsələni tezliklə həll edəcəyini ümid edirik.

 

Mənbə: ypx.az