Azərbaycan gömrükçüləri Avstriyaya aparılan 281 kiloqram heroin tutub

Azərbaycan gömrükçüləri Avstriyaya aparılan 281 kiloqram heroin tutub

Azərbaycan gömrükçüləri İrandan Azərbaycan vasitəsilə Avstriyaya göndərilən böyük partiya narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin məlumatında deyilir ki, heroin qurudulmuş meyvə daşıyan iki yük maşınında aşkar edilib.

Yük maşınlarını İran vətəndaşları Mirzae Əkbər Pərviz və Abdel Ramin Məshətli idarə edib. Onları Azərbaycanın Biləsuvar gömrük postunda saxlayıblar.

Yük maşınlarının rentgen cihazı ilə yoxlanılması zamanı gömrükçülər görüblər ki, yanacaq çənləri iki yerə bölünüb və onlarda kənar əşyalar var. Çənlər açılarkən orada ümumi çəkisi 281 kiloqramdan çox maye heroin ilə dolu kanistrlərin yerləşdiyi gizli saxlanc yeri aşkar edilib.

Hər iki sürücü Azərbaycan Cinayət Məcəlləsinin qaçaqmalçılıq və külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi maddələri ilə ittiham olunur.

Azərbaycan gömrükçüləri Avstriyaya aparılan 281 kiloqram heroin tutub

Son bir neçə ay ərzində demək olar ki, hər gün İrandan gətirilən narkotik maddələrin tutulması ilə bağlı rəsmi məlumatlar yayılır.

Ümumilikdə son illər ərzində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən tonlarla narkotik tutulub, onlarla insan saxlanılıb.

İki ölkə yüksək rəsmiləri sərhəd təhlükəsizliyi məsələlərini dəfələrlə müzakirə etsə də narkotik qaçaqmalçılığı ilə bağlı statistika artmaqda davam edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə ölkədə qeydə alınan 26 672 cinayət hadisəsinin 4 383-ü və ya 16,4 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.

Müqayisə üçün - 2019-cu ildə narkotik cinayəti hadisələrinin sayı 2018-ci illə müqayisədə 1144 ədəd artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə qeydə alınan 26 381 cinayət hadisəsinin 3 239-u və ya 12,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.

Statistika Komitəsinin məlumatında deyilir ki, 2019-cu ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 3 464 nəfər (onlardan 2,8 faizi əcnəbilər) cinayət törətmiş şəxs müəyyən edilib, onların da 98,8 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,2 faizi isə cinayət məsuliyyətindən azad edilib.

Cinayət törətmiş şəxslərdən 70,3 faizi heç yerdə işləməyən və oxumayanlar olub. Cinayət törədənlərin 0,4 faizini yetkinlik yaşına çatmayanlar, 23,6 faizini 18-29 yaşlı gənclər təşkil edib.

2019-cu ildə müsadirə edilən 3 317,5 kiloqram narkotik maddələrin 2 066,6 kiloqramını heroin, 822,1 kiloqramını marixuana, 288,2 kiloqramını tiryək, 22,8 kiloqramını həşiş, həşiş yağı və qətranı, 4 kiloqramını kokain, 113,8 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

Mənbə: www.amerikaninsesi.org