"Amanda" qasırğası Salvadorda indiyədək azı 15 nəfərin ölümünə səbəb olub

"Amanda" qasırğası Salvadorda indiyədək azı 15 nəfərin ölümünə səbəb olub

Son həftə ərzində Salvador ərazisində tüğyan edən “Amanda” tropik qasırğası nəticəsində azı 15 nəfər ölüb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə məlumat Salvador hökuməti tərəfindən fəlakətin nəticələrinə həsr olunmuş xüsusi saytda yayımlanıb. Eyni zamanda 7 nəfərin də itkin düşdüyü bildirilir.

Məlumata görə, fırtına yüzlərlə yaşayış evinə ziyan vurub, təxminən 19 min ailəyə maddi ziyan dəyib. Salvadorun “La Prensa Grafica” qəzeti ölkənin Daxili İşlər və Ərazi İnkişaf nazirinə istinadən xəbər verir ki, indiyədək fəlakət zonasından 7,2 min insan təxliyə edilib və onlar 154 müvəqqəti sığınacağa yerləşdiriliblər.

Ölkə daxilində hələ də ən yüksək – “qırmızı” – hava təhlükəsi səviyyəsi qüvvədədir. Qasırğanın vurduğu ziyanının qiymətləndirilməsi işləri aparılır.

Mənbə: apa.az