Qardaşına görə tanışının boğazını kəsdi: "13 gün komada..." – Dəhşətli qətl

Qardaşına görə tanışının boğazını kəsdi: "13 gün komada..." – Dəhşətli qətl

Bakıda qətl törətməkdə təqsirli bilinən 1980-cı il təvəllüdlü Lənkəran sakini Zahid Məmiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Zahid Məmiyev idarə etdiyi “Vaz-2108” markalı avtomobillə Pirallahı qəsəbəsində hərəkətdə olarkən binalardan birinin yaxınlığında əvəllər tanıdığı Nəsir Əkbərovla rastlaşıb.

Zahid Məmiyev Nəsir Əkbərovun ona qardaşının döyülməsi ilə bağlı qəsəbədə gəzən söz-söhbətlərlə əlaqədar kinayəli şəkildə dediyi sözlərdən əsəbiləşib. O, avtomobildən düşərək ciddi əsas olmadan münaqişə yaradıb.

Sonra da avtomobilində gəzdirdiyi bıçaqla Nəsir Əkbərova ardıcıl zərbələr vurub. Nəsir Əkbərov aldığı zərbələrdən ölüb.

İstintaq orqanı tərəfindən Zahid Məmiyevin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zahid Məmiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, mərhum Nəsir Əkbərovu Pirallahı qəsəbə sakini kimi tanıyıb: “Nəsir qardaşımla birgə balıqçılıqla məşğul olurdu. Qardaşımı döymüşdü, bu səbəbdən qardaşım 13 gün koma vəziyyətində qalmışdı.

Hadisə günü qardaşıma baş çəkmək üçün gedərkən Nəsirlə rastlaşdım. Onunla mübahisə etdim. Həmin vaxt maşından düşməmişdim. Çünki mən oturduğum tərəfdən maşının qapısı açılmır, qaynaq olunub. Nəsir maşının sağ qapsını açdı, məni bayıra dartaraq çıxardı. Mənə başı ilə zərbə atdı, sonra məni bıçaqla vurmaq istədi. Sağ əlimi qabağa verdim, bıçağı tutmaq istədim. Bıçaq sağ əlimin içəri hissəsindən baş barmağımın aşağısını kəsdi. Bıçağı qatladım, itələmək istəyən zaman Nəsirin boğazına keçdi”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zahid Məmiyev 13 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən narazı qalan Zahid Məmiyev apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 123-cü (zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza ilə cəzalandırılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun kasasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Zahid Məmiyev kasasiya şikayəti verib. Ali Məhkəmə onun kasasiya şikayətinin də təmin etməyib.

Mənbə: teleqraf.com