Ayının öldürdüyü uşağın ailəsi kəndi tərk edib? - “Deyiləsi dərd deyil” – Bələdiyyə sədri

Ayının öldürdüyü uşağın ailəsi kəndi tərk edib? - “Deyiləsi dərd deyil” – Bələdiyyə sədri

Mayın 21-də itkin düşən, bir gün sonra meyiti aşkar edilən 12 yaşlı Cəbrayıl Məmmədlinin ailəsinin kəndi tərk etdikləri iddia olunur.

İddiaya görə, uzun illərdir Oğuz rayonu Xaçmaz kəndində yaşayan ailə azyaşlı övladlarının dəhşətli ölümünə dözmədikləri üçün kəndi tərk edib.

Oğuz rayonu Xaçmaz kənd bələdiyyəsinin sədri Vidadi Məmmədov Cebhe.info-ya iddianın əsassız olduğunu və ailənin kənddə qaldığını deyib:

“Ailə heç yerə getməyib. Amma Cəbrayılın ölümü onları yıxıb, param-parça edib. Özlərinə gələ bilmirlər. Deyiləsi dərd deyil. Hadisə ilə bağlı versiyalar eynidir. Yenilik yoxdur. Müxtəlif ehtimallar səsləndirilir. Ölümün hələlik ayının pəncəsinin zərbəsi təsiri nəticəsində baş verməsi versiyası qalır. Amma cinayət hadisəsi ilə bağlı da ehtimallar var”.

Xatırladaq ki, mayın 21-də Oğuz rayonu Xaçmaz kənd sakini 12 yaşlı Cəbrayıl Məmmədli itkin düşüb. Bir gün sonra azyaşlının yaşadığı evdən təxminən 2 km aralı meşəlik ərazidən keçən çayda meyiti aşkar edilib. Oğuz Rayon Prokurorluğu və Oğuz Rayon Polis Şöbəsinin məlumatında bildirilib ki, hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, şahidlərin izahatları alınıb. C.Məmmədlinin meyitinə baxış zamanı meyitin baş nahiyəsində xəsarətlər aşkar edilib. Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə, C.Məmmədlinin baş nahiyəsində aşkar edilmiş xəsarətlər vəhşi heyvanın (ayının) pəncəsinin zərbəsinin təsiri nəticəsində yaranmağa xarakterikdir.

12 yaşlı uşağa qarşı zorakılıq iddiası səsləndirilsə də, rəsmi təsdiqini tapmayıb.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info