Koronavirusdan sağalmış azərbaycanlı həkim: "Çox adam başa düşmür..." - VİDEO

Koronavirusdan sağalmış azərbaycanlı həkim: "Çox adam başa düşmür..." - VİDEO

Koronavirusa yoluxub daha sonra sağalmış həkim-reanimatoloq İsmayıl Əliyev yaşadıqlarını danışıb.

BAKU.WS xəbər verir ki, həkim Xəzər TV-nin "5-də 5" verilişində virusa çalışdığı xəstəxanada koronaviruslu xəstələrdən yoluxduğunu söyləyib:

"Aprel ayının 1-dən biz öz klinikamızda koronavirusla mübarizəyə başladıq. Haradasa 7-8 gün sonra özümdə əlamətlər - temperatur yüksəlməsi, qarın işləməsi, öskürək, boğazda qıcıqlanma müşahidə etdim. Həkim olduğuma görə əlamətlərə tez reaksiya verdim və özüm könüllü şəkildə testdən keçdim.

Testin cavabı çıxanadək izolyasiya şəraitində qaldım və işə də getmədim. Testin cavabı pozitiv çıxdıqdan sonra elə çalışdığım klinikada 14 gün müalicə aldım. Növbəti COVİD-19 testimin cavabları neqativ çıxdıqdan sonra 14 gün ev şəraitində karantində qaldım. Yalnız bundan sonra işimə başladım. Hazırda klinikamızda işimi davam etdirirəm. Reanimasiyada yatan xəstələrin müalicəsilə məşğuluq".

İsmayıl həkim cavanların koronavirusa yoluxmadığı barədə yaranan fikrin yanlış olduğunu bildirdi:

"Öz təcrübəmdən deyə bilərəm ki, cavanlarda simptomlar çox zəif hiss olunur. Hətta heç bir simptomsuz da keçirə bilərlər. Bu səbəbdən də belə bir səhv fikir yaranır ki, cavanlar koronavirusa yoluxmurlar. Sadəcə cavanların immun sistemi güclü olduğundan və çoxunda yanaşı xəstəliklər olmadığından daha yüngül keçirirlər.

Ola bilər ki, boğulma hissi heç olmasın. Təkcə hərarət və ya öskürək koronavirusa yoluxduğunuzun xəbərçisi ola bilər. Həmin cavanlar izolyasiya olunmasalar, ətrafındakı insanları yoluxdura bilərlər. Çox adam başa düşmür və ya başa düşmək istəmir. Nəticədə yoluxmaların sayı sürətlə artır".

Qeyd edək ki, İsmayıl Əliyev artıq ikiqat donordur. O, koronavirusa yoluxmuş xəstələrin sağalması üçün qan plazması verib.

Mənbə: baku.ws