Vəkil Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı Baş Prokurorluğa müraciət edib

Vəkil Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı Baş Prokurorluğa müraciət edib

Vəkil Fuad Ağayev hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı cinayət işini aparan istintaq orqanına vəsatət verməsinə baxmayaraq hələ də cavab almayıb. Vəkil bununla bağlı Baş Prokurorluğa müraciət ünvanlayıb.

Bu barədə Fuad Ağayev facebook səhifəsində məlumat yayıb.

“Oqtay Gülalıyevi avtomobilin vurması nəticəsində aldığı xəsarətlə bağlı istintaqı aparılan cinayət işi üzrə hələ ötən ilin noyabrında mən və Oqtay Gülalıyevin hüquqlarını təmsil edən daha iki nəfər Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində bir sıra zəruri materiallarla, o cümlədən videoyazılarla tanış olduq. Elə o zaman biz müstəntiqin nəzərinə çatdırdıq ki, ibtidai araşdırmanın hərtərəfliliyi, obyektivliyi və qərəzsizliyinin təmin edilməsi, iş üzrə bütün mümkün fərziyyələrin tam yoxlanılması məqsədilə bir sıra sübutların tələb olunaraq iş materiallarına əlavə edilməsi və tədqiqi zəruridir. Bu barədə dekabrın 17-də əsaslandırılmış vəsatət verdim. Həmin vəsatətin təmin edilib-edilməməsinə dair uzun müddət məlumatlandırılmadığımdan bu ilin martında Nəsimi Rayon Prokurorunun adına şikayət göndərdim. İki aydan artıq vaxt keçsə də, indiyə kimi mən heç bir cavab almamışam,” vəkil qeyd edib.

Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-da yolu keçərkən avtomobil vurub. Oktyabrın 30-da onu 18 saat gecikmə ilə əməliyyat ediblər, bu da onun ölüm həddinə gəlməsinə gətirib çıxarıb.

Noyabrın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə hüquq müdafiəçisi müalicə üçün Türkiyəyə göndərilib. Müalicənin maliyyələşdirilməsini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Gülaıyevin müalicəsi hazərda davam etdirilir.

2019-cu ilin oktyabrında faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və… idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işinin istintaqı hələ başa çatmayıb.

Mənbə: www.amerikaninsesi.org