Çərşənbə axşamı gecə ABŞ boyunca etirazlar daha sakit keçib

Çərşənbə axşamı gecə ABŞ boyunca etirazlar daha sakit keçib

Çərşənbə axşamı gecə ABŞ-boyu etirazlar dinc keçib. Bütün şəhərlərdə polisin nəzarəti altında keçirilən nümayişlərdə iştirak edən insanlar Corc Floydun ölümünə görə qəzəb və məyusluqlarını ifadə etməyə davam edib.

Dinc aksiya iştirakçıları bəzi bölgələrdə, o cümlədən Nyu-Yorkda komendant saatı əmrinə qarşı çıxıb. Polis Nyu-Yorkun Manhetten bölgəsinə gedən yolları bağladığı üçün yüzlərlə nümayişçi oraya Bruklin tərəfdən yürüş etdikdən sonra bir neçə saat Bruklin körpüsündə qalıb.

Atlanta polisi axşam saat 9-dan, şəhərində komendant saatı başlayandan sonra yüzlərlə insanın olduğu izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Hər iki şəhərdə etirazçıların nəzarət altına alındığı bildirilib. Associated Press agentliyinin bildirdiyinə görə, polis son bir həftə ərzində ölkə boyu azı 9300 nəfəri həbs edib.

Komendant saatına baxmayaraq, yüzlərlə insan Ağ Evin qarşısındakı Lafayet Meydanında qalıb. Meydan polisin prezident Trampın Müqəddəs İoan kilsəsinə keçidi üçün dinc nümayişçiləri aqressiv şəkildə dağıtdığı bir gün əvvəllə müqayisədə daha sakitdir.

Çərşənbə axşamı meydanına toplaşan etirazçılar "Qaraların da həyatının mənası var", "Vurmayın" və "Dayanın" şüarları səsləndirib.

Təhlükəsizliyi gücləndirmək üçün həmin əraziyə hündür qara metal hasarlar qoyulub. Milli Qvardiya əsgərləri Linkoln Memorialını mühasirəyə alıb. Bu memorial 1963-cü ildən, vətəndaş azalıqları müdafiəçisi Martin Lüter Kinqin məşhur “Mənim arzum var” çıxışını etdiyi vaxtdan bəri turist məkanına çevrilib.

Çərşənbə axşamı gecə minlərlə insan Los Ancelesdə şəhərin meri Erik Qarsetti və polis işçilərinin etirazçılarla həmrəylik nümayiş etdirmək üçün diz çökdüyü yerə çıxıb. Bundan sonra onlar Qarsettinin iqamətgahının qarşısına toplaşaraq, polis büdcəsində ixtisarlara və şəhərin polis rəisinin işdən çıxarılmasına çağırıb.

Etirazlar eləcə də Mayami, Hyuston, Orlando, Nyu Orlean, Siyetl, Portland, Oriqon, Madison, Viskonsində də davam edib.

Mənbə: www.amerikaninsesi.org