Erməni əsgər taqım komandirinin sinəsinə qayçı ilə zərbə vurub

Erməni əsgər taqım komandirinin sinəsinə qayçı ilə zərbə vurub

Ermənistan ordusunda tədris taborunun sıravi hərbi qulluqçusu taqım komandirinə qayçı ilə ağır bədən xəsarəti yetirməkdə ittiham olunur. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə zabit otağında baş verib.
Tədris taborunun manqa komandiri, müddətli hərbi qulluqçu tədris bölüyünün anbarında hərbi xidmət vəzifələri ilə əlaqəli olmayan məsələ ətrafında tədris taqım komandiri, rütbəcə kapitan Melikyanla mübahisə edib və mübahisə zamanı sonuncunun ünvanına cinsi xarakterli söyüşlər səsləndirib.
Mübahisədən müəyyən müddət sonra, gecə saat 02:10 radələrində qeyd olunan mübahisəni davam etdirmək məqsədilə əsgər bölüyün zabit otağına gedib, orada əli ilə kapitanı döyüb, qayçı ilə kapitanın üzünə və sinəsinin sol yan hissəsinə zərbələr endirib.
Məhkəmə-tibbi ekspertizası rəyinə görə, qeyd olunan zərbələr nəticəsində kapitana həyati təhlükəli xəsarət yetirilib.
İlkin istintaq orqanı müddətli hərbi qulluqçuya qarşı Ermənistan Cinayət Məcəlləsinin 358-ci maddəsinin 3-cü hissəsinin 2-ci bəndi və 112-ci maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürüb.
Erməni əsgərə qarşı ehtiyat tədbiri olaraq uzaqlaşmamaq barədə imzaçəkmə seçilib.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az