Krakneset burnunda torpaq sürüşməsi nəticəsində 8 ev dağılıb

Krakneset burnunda torpaq sürüşməsi nəticəsində 8 ev dağılıb

Stokholm, 4 iyun, AZƏRTAC

Norveçin şimalındakı Krakneset burnunda torpaq sürüşməsi nəticəsində 8 ev dağılıb.

AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, çərşənbə günü Alta bələdiyyəsindəki Krakneset burnunun qərb hissəsində baş vermiş güclü torpaq sürüşməsi nəticəsində 8 ev uçaraq dənizə tökülüb. Yerlə vaxtla saat 15:45-də bu hadisə barədə Norveç polisinə məlumat verilib. Dərhal xilasetmə əməliyyatı başlanıb, havadan və dənizdən xilasetmə vasitələri tətbiq edilib.

Dağ süxurlarının təhlükəli sürüşməsi bir neçə saat davam edib, bir nəfər təxliyə olunub. Həlak olanlar və xəsarət alanlar barədə hələlik məlumat alınmayıb. Xilasetmə əməliyyatı axşam saat 7-də başa çatıb.

Yerli mütəxəssislərin sözlərinə görə, hadisə yerində torpaq hələ də çox qeyri-sabit vəziyyətdədir. Torpaq sürüşməsi başlayandan sonra bir neçə saat ərzində bir neçə dəfə kiçik torpaq sürüşmələri qeydə alınıb. Norveç Su Ehtiyatları və Energetika İdarəsi yeni sürüşmələr riski yaranmasını vaxtında aşkar etmək üçün vəziyyəti nəzarətdə saxlayır.

Qeyd edək ki, sürüşməyə məruz qalmış evlərin çoxu istirahət üçün nəzərdə tutulub. Torpaq sürüşməsi zamanı həmin evlərdə heç kəs olmayıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Mənbə: azertag.az