Bakıya avtomobilin yük yerində keçmək istəyən və sürücü həbs edildilər - Fotolar

Bakıya avtomobilin yük yerində keçmək istəyən və sürücü həbs edildilər  - Fotolar

Koronavirus pandemiyası ilə mübarizədə bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə vətəndaşların hərəkətinə tətbiq olunan məhdudiyyətləri pozaraq Bakı şəhərinə avtomobilin yük yerində keçmək istəyən şəxs və nəqliyyat vasitəsinin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar. Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Keçirilən tədbir zamanı qaydalara əməl etməyən Masallı rayon sakinləri Mircəlal Ağayev və Kərim Mustafayev tutulub. Araşdırma zamanı müəyyən edilib ki, K.Mustafayev tanışı M.Ağayevlə əvvəlcədən razılaşaraq onu idarə etdiyi “Opel” markalı avtomobilin yük yerində gizli olaraq Bakı-Ələt yolundakı xüsusi polis postundan keçirərək paytaxta gətirəcəyinə söz verib. K.Mustafayev həmin şəxsi postdan keçirəndən bir neçə kilometr sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

Mircəlal Ağayev və Kərim Mustafayev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulan qaydada ciddi şəkildə cəzalandırılaraq inzibati qaydada həbs ediliblər.

 

Mənbə: qafqazinfo.az