Kürdəmirdə avtomobil su kanalına düşüb, yaralananlar var

Kürdəmirdə avtomobil su kanalına düşüb, yaralananlar var

Kürdəmir rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Ərəbxana kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü, 26 yaşlı Masallı rayon sakini İbrahimzadə Elnur Əlhüseyn oğlu “Mercedes Vito” markalı avtomaşınla Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən idarə etməni itirib və avtomobil yoldan çıxaraq su kanalına aşıb.

Hadisə zamanı sürücü və onun sərnişinləri Bakı sakini, 23 yaşlı Abbaszadə Nəzrin Elşən qızı və Kürdəmir sakini, 22 yaşlı İbrahimov Mehman Şaban oğlu müxtəlif növ bədən xəsarətləri alıblar.

Onlar təcili tibbi yardımın köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az