İranın nüvə obyektində yanğın baş verib

 

İranın Nətanz şəhərindəki nüvə obyektinin yaxınlığındakı binada baş verən yanğın hadisəsi bu gün dünya mətbuatının gündəmində əsas xəbər olub.

AZƏRTAC xəbər verir ki, Nətanzdakı nüvə obyektləri və şəhərin özü xüsusi mühafizə olunan məkandır. Buna baxmayaraq, yanğın xəbər kanallarında və sosial mediada elə bir ajiotaj yaradıb ki, İranın Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Salehi hadisə yerinə gəlib. Agentliyin nümayəndəsi Bəhruz Kəmalvəndi jurnalistlərə bildirib ki, nüvə obyektinin yanındakı binada yanğın baş verib, heç kim xəsarət almayıb və obyektə zərər dəyməyib. Radioaktiv maddələrin yanğın nəticəsində ətrafa yayılması barədə sualı cavablandıran B.Kamalvəndi deyib ki, nüvə obyektinin fəaliyyəti uzun müddətdir dayanıb. Buna görə də radiasiyanın yayılmasından söhbət gedə bilməz.

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, BBC televiziya kanalının elektron poçtuna İranda baş verən insidentlə əlaqədar məktub daxil olub. Məktubu “İranın aslanları” adlı naməlum təşkilat göndərib və hadisəni törətdiyini etiraf edərək məsuliyyəti öz üzərinə götürüb. BBC-nin şərhçisi məktubun saxta olub-olmadığını, adı çəkilən təşkilatın həqiqətən də fəaliyyət göstərib-göstərmədiyini deməkdə çətinlik çəkib.

İranın xüsusi xidmət orqanları dərhal təhqiqat aparmağa başlayıblar. Mətbuatda dərc olunan xəbərlərin etibarlı mənbəyinin olmaması və müxtəlif ehtimalların irəli sürülməsi bu hadisənin təxribat olduğunu ortaya qoyur.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Zoologiya İnstitutunda magistrantların yay imtahan sessiyası davam edir

SONRAKI XƏBƏR

Miqrantlar pulsuz test edildi