Bakıda narkotik istifadəçisini öldürən şəxs 17 il cəza alıb- FOTO

Bakıda narkotik istifadəçisini öldürən şəxs 17 il cəza alıb- FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Mehrac Qəhrəmanovun CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Press.Az xəbər verir ki, 2019-cu il mayın 24-də Nəsimi RPİ 22-ci polis şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında B.Səfəroğlu küçəsi, 219 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin yarızirzəmisində naməlum kişi meyiti aşkar ediblər. Şübhəli şəxs qismində saxlanılan 42 yaşlı Mehrac Qəhrəmanov tanışı ilə ötən axşam mübahisə etdiyini və ona xəsarətlər yetirdiyini etiraf edib.

Fakta görə rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Nəsimi RPİ-dən daxil olmuş məktubda qeyd edilib ki, aşkar edilmiş meyitin müayinəsi zamanı daktiloxəritəyə köçürülmüş əl-barmaq izləri Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilib. Məlumat bazasında olan şəxslərin əl-barmaq izləri ilə müqayisə edildikdə onun 1989-cu ildə Bakı şəhərində anadan olmuş Orxan Əliyev olması müəyyən edilib

Məhkəmə-tibbi ekspertizasının (MTE) rəyinə görə, Orxan Əliyevin ölümünə beyin toxumasına qansızma səbəb olub.

DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünüb ki, Şabran rayon məhkəməsinin 2015-ci il tarixli hökmü ilə Mehrac Qəhrəmanov CM-nin 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

İstintaqla müəyyən edilib ki, mayın 23-ü saat 20 radələrində Mehrac Qəhrəmanov sərxoş vəziyyətdə 2 gündür ki tanıdığı və zirzəmidə birlikdə yaşadığı Orxan Əliyevə yumruq zərbələri vuraraq, sonuncuya ağır xəsarətlər yetirib. Orxan Əliyev uzun müddət narkotik maddələrdən istifadə etmədiyinə görə onda ağrılar yaranıb. Uzandığı yerdən su istəyəndən sonra, söyüşlər söydüyü üçün Qəhrəmanov təhqir olunmasını özü üçün qəbuledilməz hal kimi qiymətləndirib və köməksiz vəziyyətdə olan zərərçəkmişi qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Mehrac Qəhrəmanov bildirib ki, hadisədən təxminən 1 ay əvvəl qardaşları onun evdə yaşamağını istəmədiklərindən Bakı şəhərinə gəlib. Küçələrdə yatıb, S.Vurğun parkı ilə Nizami küçəsində dilənçilik edib. Nizami kinoteatrının yuxarı tərəfində yerləşən parkda “Malış” kimi tanıdığı oğlanla tanış olub. Yaşayış sahəsinin zirzəmisində həmin şəxs, o və Yalçın qalıb. Onlar səhərlər şəhərə çıxıb, dilənçilik ediblər, zirzəmiyə ancaq gecələr yatmağa gəliblər. Yaxşı pul yığanda, axşamlar araq içiblər. 1-2 gün olar ki, Orxan adlı oğlanla tanış olub, o da gecələr onlarla zirzəmidə yatıb. Özünün deməsinə görə o, narkotik vasitələrdən istifadə etdiyinə görə tutulub. Ağrıları olduğuna görə, günlərlə zirzəmidən çölə çıxmayıb və onun üçün “narkotik” tapmalarını istəyib. Mayın 23-də parkda 250 qram araq alıb, tək içib, saat 19 radələrində gəzə-gəzə zirzəmiyə gəlib, pəncərədən içəri girəndə Orxanın matrasda yatdığını görüb. Matrasın bir tərəfində uzanarkən tanışı ondan su istəyib. Su vermədiyindən Orxan ünvanına söyüş söyüb. Əsəbləşib, yarı oturaq vəziyyətdə ona tərəf çönüb. Orxan arxası üstə uzandığı üçün dizləri ilə qarnının üstünə çıxıb. Həm xəstə olduğu üçün, həm də üstünə çıxdığı üçün ona müqavimət göstərə bilməyib. Ünvanına nalayiq ifadələr işlətdiyi üçün yumruğla sifətindən zərbə endirib.

«Malış» zirzəmiyə gəlib, Orxanı döydüyünü görüb və onun əlindən tutub, saxlayıb. İçkili olduğundan uzanıb, yatıb və səhər saatlarında Yalçının səsinə oyanıb. Yalçın “Orxanın elə bil öldüyünü» deyib. Qorxduğundan yerindən tərpənə bilməyib. Sonra polis əməkdaşları gəlib, Orxanın meyitini PA şöbəsinə aparıblar. Hadisə vaxtı üzərində kəsici-deşici alət olmayıb. Orxanı vuranda sərxoş olsa da, hərəkətləri yadında qalıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi Nazilə Zərbəliyeva ifadəsində göstərib ki, oğlu Orxan əsgərlikdən qayıdandan sonra, narkotik vasitələrdən istifadə etməyə başladığını hiss edib və buna görə aralarında dəfələrlə mübahisələr olub.

Orxanı bir neçə dəfə müalicə etdirib, onun hərbçi olmasını istədiyindən rəsmi heç yerdə narkotik istifadəçisi kimi qeydiyyata düşməsini istəməyib. Oğlu dəfələrlə evdəki əşyaları və geyimləri satıb, pula narkotik vasitələr alıb. Bəzən həftələrlə yoxa çıxıb sonra da geri evə qayıtıb. Yaşadıqları mənzil söküldükdən sonra, Türkiyəyə köçüb orda ticarətlə məşğul olub. Türkiyəyə getdikdən sonra Orxana nəzarət edə bilməyib. Hadisədən təxminən 20 gün əvvəl “Skype” tətbiqi vasitəsilə oğlu ilə danışıb. Onun çox arıqladığını, həddən artıq halsız və pis vəziyyətdə olduğunu görüb. Bakıya qayıdandan sonra Orxan əsasən “28 may” metrostansiyası ətrafındakı ərazidə vaxt keçirib. Mobil telefonu olmayıb, telefonları satıb, narkotik vasitə alıb. Mayın 25-də polis şöbəsindən oğlunun öldüyünü xəbər veriblər.

Məhkəmə prosesində Mehrac Qəhrəmanov ittiham üzrə özünü təqsirli bilməyib. Deyib ki, Orxan Əliyev narkotik vasitənin təsirindən vəfat edib, onu öldürməyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ədalətli cəza verilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Qəhrəmanov 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Mənbə: press.az