İki rayonda karantin qaydalarını pozanlar cərimə olunur - Foto

İki rayonda karantin qaydalarını pozanlar cərimə olunur - Foto

COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci ilin iyun ayının 5-dən saat 00:00-dan respublikanın şimal rayonları olan Xaçmaz və Siyəzəndə sərtləşdirilmiş karantin rejimi tətbiq olunub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Məlumata görə, elan edilmiş sərt karantin rejiminin tələblərinə riayət olunması istiqamətində Xaçmaz və Siyəzən rayon polis şöbələrinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Polis əməkdaşları xidməti əraziyə ciddi nəzarət edir, xidməti avtomobillərdə olan xüsusi səsgücləndirici qurğu vasitəsilə vətəndaşlara karantin rejimi ilə bağlı məlumatlar verir, avtopatrul və piyada marşrutları ilə xidmətlərini davam etdirirlər. Bundan əlavə rayonların giriş və çıxışlarında müvəqqəti postlar qurulub, nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunur.

Elan edilmiş rejim qaydalarını pozan şəxslər aşkarlandıqda isə həmin şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunurlar.

 

Mənbə: teleqraf.com