Antipandemiya qaydalarının kütləvi pozuntusu hesabına “bölgə istirahətləri” - polisin rayonlardakı əməliyyatlarına ictimai baxış…

Antipandemiya qaydalarının kütləvi pozuntusu hesabına “bölgə istirahətləri” - polisin rayonlardakı əməliyyatlarına ictimai baxış…

Rauf Zeyni: “Rayonlarda keyf məclisləri quran insanlar, sadəcə olaraq, anlamırlar ki, qaydaları pozmaqla həm özlərini, həm də başqalarını virusa yoluxmaq təhlükəsilə üz-üzə qoyurlar”

Bildiyimiz kimi, koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında sərt karantin rejimi elan olunub və vətəndaşların icazəsiz yaşayış yerlərini tərk etməsinə qadağa qoyulub. Lakin buna baxmayaraq, bəzi vətəndaşlar müxtəlif bəhanə və üsullarla rayonlara gedir, orada keyf, əyləncə məclisləri qururlar.

Təəssüf ki, bəzi vətəndaşlar “yaxın qohumumun yas yerinə gedirəm” icazəsilə belə sui-istifadə hallarına yol verirlər. İndiyə qədər polisin həyata keçirdiyi əməliyyatlar nəticəsində belə qanunsuzluqlarla bağlı tədbirlər görülüb, hadisə iştirakçıları cərimələniblər. Amma, nədənsə, bu da vətəndaşlarımıza dərs olmur, fürsət yaranan kimi bu cür qanunsuz işlər görür, bununla da həm özlərini, həm də yaxın ətraflarını koronavirus infeksiyasına yoluxmaq risqilə üz-üzə qoyurlar.

Bildirək ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gələn şəxslərin müəyyən edilməsi məqsədilə növbəti reyd keçirilib.

“Report”un məlumatına görə, reyd zamanı yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələri saxlanıb, planşetlə sürücü və sərnişinlər yoxlanıb.Yoxlama zamanı icazələri olmadan və yaxud iş üçün icazəsi olub, istirahət məqsədilə rayon ərazisinə gələn şəxslər aşkar edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Bu faktdan da gördüyümüz kimi, iş üçün onlara verilən icazədən də sui-istifadə edənlər tapılıb.

“Polisin belə şəxsləri ifşa etməsini müsbət qiymətləndirirəm”

Azərbaycan Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə mövzunu şərh edərkən bildirdi ki, sərt karantin qaydaları pandemiyanın yayılmasının qarşısını almaq üçündür. “Səmimi desək, sərt karantin qaydaları insan faciəsinin qarşısının alınmasına görə tətbiq olunur. Gündəlik yoluxmaların və gündəlik ölümlərin statistikasına baxanda ölkəmizdə bu virusun aradan tam qaldırılmasına çalışırıq. Təbii ki, hökumət də bununla bağlı qərarlar qəbul edir. Biz də vətəndaş olaraq bütün qərarlara sözsüz-söhbətsiz əməl etməliyik. Çünki bu çox ciddi məsələdir. Üstəlik də dəfələrlə qeyd etmişik ki, hökumətin qərarlarına hansısa formada etinasız, biganə yanaşan insanlar kateqoriyası var. Bu adamlar da xoşlayırlar ki, hökumətin onların sağlamlığı naminə tətbiq etdiyi qaydaları, yasaqları pozsunlar. Təəssüf ki, karantin qaydalarını pozan insanların bir qismi öz hərəkətlərini, qurduqları məclisləri çəkib sosial şəbəkələrdə paylaşırlar ki, “biz qayda-qanunları saymırıq, gedib rayonlarda yeyib-içirik”. Rayonlarda keyf məclisləri quran insanlar, sadəcə olaraq, anlamırlar ki, qaydaları pozmaqla həm özlərini, həm də başqalarını virusa yoluxmaq təhlükəsilə üz-üzə qoyurlar. Sən qaydanı pozmaqla fəxr edirsən, özünü “güclü sayırsan”, amma anlamırsan ki, ətrafında nə qədər insanı yoluxdurursan. Hesab edirəm ki, bu düşüncə, anlayış problemidir. Mən bəzi vətəndaşların bu davranışlarına qarşı qəti etirazımı bildirirəm və polisin belə şəxsləri ifşa etməsini müsbət qiymətləndirirəm. Polis bu kimi neqativ halların qarşısını almaq üçün əməliyyatlar keçirir və qanuna sayğısız yanaşanları cərimələyir. Mən qaydaları pozan şəxslərə bir daha demək istəyirəm ki, biz “özümüzü qoruyaq” deyəndə burada şəxsən söhbət bizdən getmir, ailəmizdən, yaxınlarımızdan, ünsiyyətdə olduğumuz insanlardan, cəmiyyətimizin qorunmasından gedir. Bu gün bütün vətəndaşlar cəmiyyətin qorunmasına çalışmalı, millətimizin, dövlətimizin sağlamlığını düşünərək bütün qadağalara əməl etməlidirlər. Ona görə də bir əsgər qaydalara əməl etməyib snayperin qurbanı olurdusa, bir vətəndaş da qaydalara əməl etmir və virusun qurbanı olur. Bu gün virusa görə nə qədər əzizlərimizi, vətəndaşlarımızı itirmişik. Bu, kifayət deyilmi ki, insanlar virusun nə qədər təhlükəli olduğunu anlasınlar” - deyə R.Zeyni vurğuladı.

R.Zeyni qeyd etdi ki, pandemiya dövründə mövcud olan qaydaları, qanunları pozaraq gedib rayonlarda, bölgələrdə keyf məclisləri quran adamlar qətiyyən düzgün yolda deyillər. O hesab edir ki, onlar virusun daha geniş şəkildə yayılmasına şərait yaradırlar. “Mən bu məsələ ilə bağlı ölkə başçısı İlham Əliyevin mövqeyini dəstəkləyirəm ki, biz ictimai nəzarəti gücləndirməliyik və bu istiqamətdə fəaliyyətimizi daha çevik formada qurmalıyıq” - deyə R.Zeyni qeyd etdi.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com