Sumqayıt Pandemiya Xəstəxanasının koordinatorundan şəhər sakinlərinə MÜRACİƏT

Sumqayıt Pandemiya Xəstəxanasının koordinatorundan şəhər sakinlərinə  MÜRACİƏT

Xeberle.com saytı vasitəsi ilə olunan müraciətdə insanların tibb işçilərinə qarşı olan münasibətindən bəhs edilir və sanitar-gigiyenik qaydalara əməl etməyin zəruriliyi vurğulanır: "Bu dəqiqə xəstə çox, tibb personalı isə azdır. Hər bir xəstəyə xüsusi qulluq göstərmək olmur. Zamanında, aylardır ki, əhaliyə müraciət edirdik ki, özünüzü qoruyun, yoluxma sayı artıqca xəstəxanalarda sizə yer olmayacaq, tibb personalı çatmayacaq. Lakin bizim bu çağırışımıza əhəmiyyət verilmədi, indi isə artıq həmin vəziyyət yaranıb. Tibb personalı çatışmır, həkim sayı az, yoluxan isə çoxdur. 70 xəstəyə bir həkim, iki tibb bacısı baxırsa, əlbəttə ki, hamı ilə özəl maraqlanmağa vaxt çatdıra bilmirlər. Biz isə millət olaraq sevirik ki, başımızın üstündə kimsə dursun və özəl olaraq bizlə maraqlansın, sistem köçürtsün. Pandemiya şəraitində dünyanın hər yerində tibb ocaqlarında xəstə ilə özəl maraqlanmaq imkanları yoxdur. Hər kəslə ayrı maraqlanmaq fiziki olaraq mümkün olmur. Hazırda Sumqayıtda 400-ə yaxın aktiv COVID-19 xəstəsi var. Təəssüf ki, məhdud sayda olan tibb personalı hamı ilə tək-tək maraqlana bilmir. Əhali vaxtında olunan müraciətlərə məsuliyyətsiz yanaşdı, inamsızlıq etdi. Virusa yoluxub gəlib xəstəxanaya düşəndə isə artıq bir çox narazılıqlar başlanır. Xəstələrin hər birinin virus əleyhinə müalicələri aparılır və kifayət qədər də baha olan bu dərman vasitələri dövlət tərəfindən təmin olunur. Əhalidən bir daha qaydalara əməl etməyi rica edirik".

Mənbə: xeberle.com