Toy bazarında 100 manat söhbəti: Şadlıq sarayları təkcə qapıları yox, telefonları da bağlayıb

Toy bazarında 100 manat söhbəti: Şadlıq sarayları təkcə qapıları yox, telefonları da bağlayıb

Mövcud pandemiya şəraitində insanların kütləvi toplaşdığı, daha çox təmasda olduğu məkanların fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Koronavirus səbəbi ilə görülən mühüm tədbirlərdən biri də şadlıq saraylarının fəaliyyətinin dayandırılmasıdır. Onlar da bir çox insanın toplaşdığı müxtəlif- toy, nişan, xınayaxdı, ad günü mərasimlərinin təşkil etdiyi məkanlardan biri, bəlkə də birincisidir. Şadlıq evlərinin işinin nə zaman və hansı şərtlərlə bərpa olunacağına dair heç bir rəsmi məlumat yoxdur.

Bəs şadlıq saraylarının rəhbərliyi, işçiləri gəlirlərini necə təmin edir? Toyların, müxtəlif məclislərin dayandırılması ilə nə qədər ziyana düşüblər? Fəaliyyətləri bərpa olunduqdan sonra qiymətlərdə nə kimi dəyişikliklər gözlənilir?

Cebhe.info mövzu ilə bağlı paytaxındakı bəzi şadlıq sarayları ilə əlaqə saxlayıb.

“75 manat dövlət, 25 manat biz…”

"Səadət" şadlıq sarayından aldığımız məlumata görə, onlara dəyən maddi ziyan haqqında dəqiq rəqəm söyləmək mümkün deyil. İlk başda çıxış icazələri qismən olsa da, artıq bu da dayandırılıb. Şadlıq sarayı rəbhərliyi tərəfindən dövlətin onlara maddi dəstək göstərib-göstərməməsi ilə bağlı sualımıza 12 nəfər işçiyə 890 manat pul ayırıldığını qeyd edib. Şadlıq evindən əlavə olaraq qeyd edilib ki, adambaşına düşən 75 manatın üstünü özləri düzəldərək bu rəqəmi 100 manata tamamlayıblar: “Əlavə olaraq qeyd edək ki, heç bir işçinin işdən uzaqlaşdırılması haqqında söhbət gedə bilməz”.

Şadlıq evindən bildirib ki, fəaliyyətlərinin bərpa olunduqdan sonrakı qiymətlər haqqında hələlik dəqiq məlumat yoxdur, bu haqda onlara hansı formada göstəriş verilsə, o da olacaq. Elə ödəniş xəbərini aldıqdan sonra dəqiqliyini yoxlamaq üçün bir neçə ofisianta müraciət etdik. Onların bəziləri məlumatı təsdiqləsə də, bir qismi belə bir ödənişdən xəbərdar olmadıqlarını bildirdi. Deməli, bütün işçilər kompensasiya almayıb. Həmçinin qeyd etdilər ki, işdə müvəqqətidirlər, ofisiantın daimi iş yeri olmur, çoxu günlük əmək haqqı ilə çalışır.

“Kimsə toyunu edib adətə-ənənəyə uyğun 3-5 manatını yığıb…”

Maddi və mənəvi zərər görənlərdən biri də toya hazırlaşan şəxslərdir. Məsələ ilə bağlı toyuna qısa müddət qalan Əlövsət Şahvələdovla əlaqə saxladıq. O bildirdi ki, şadlıq evlərinin fəaliyyətinin dayandırılması və eləcə də bütün toyların dayandırılması əvvəlcə mənəvi ziyan vurub. Müsahibimizin mənəvi ziyan dediyi budur ki, qurduqları planlar alt-üst olub: "Kimlərsə həyatında dəyişiklik etmək istədi, alınmadı. Maddi tərəfi isə odur ki, kimsə toyunu edib adətə-ənənəyə uyğun 3-5 manatını yığıb nəsə edəcəkdi, ondan da məhrum oldu".

Telefonlar da bağlıdır…

Onu da qeyd edək ki, fəaliyyəti müvəqqəti dayandırılmış "Niaqara" , "Komfort"dan zənglərimiz cavablandırılmasa da, "Madonna Saray" , "Golden King" , "Ballı Saray" və s. şadlıq saraylarının telefonları hətta bağlıdır. Belə ki, zənglər operator tərəfindən cavablandırılır: "Bağışlayın, zəng etdiyiniz nömrə müvəqqəti aktiv deyil".

Səmra
Cebhe.info

Mənbə: cebhe.info