Sutka ərzində Banqladeşdə COVID-19 virusundan 55 ölüm faktı qeydə alınıb

Sutka ərzində Banqladeşdə COVID-19 virusundan 55 ölüm faktı qeydə alınıb

Pekin, 7 iyul, AZƏRTAC

Son sutka ərzində Banqladeşdə yeni növ koronavirusa (COVID-19) 3027 yoluxma və bu virus səbəbindən 55 ölüm faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, Banqladeşin Səhiyyə Xidmətləri üzrə Baş İdarəsinin rəhbəri Nəsimə Sultana ölkədə virusa yoluxanların ümumi sayının 168 min 645 nəfərə, ölənlərin sayının isə 2151-ə çatdığını açıqlayıb.

Banqladeşdə indiyədək virusa yoluxanların 46 faizi sağalıb, 1,21 faizi isə ölüb. Pasiyentlərin 75 faizi evdə və ya yaşadıqları yerlərdə müalicə alır. İndiyədək ölkə üzrə 876 min test həyata keçirilib.

Qeyd edək ki, Banqladeşdə COVID-19 infeksiyasına ilk yoluxma martın 8-də, ilk ölüm isə martın 18-də qeydə alınıb. Ölkədə ən çox yoluxma paytaxt Dəkkə, Çattoqram və Narayanqanc şəhərlərindədir. Hökumət yaşayış məntəqələrini yoluxma sayına görə qırmızı, sarı və yaşıl zonalara bölüb.

Mənbə: azertag.az