Azərbaycanda ilişib qalmış Rusiya vətəndaşları etiraz edirlər – “Buraxsınlar gedək”

Azərbaycanda ilişib qalmış Rusiya vətəndaşları etiraz edirlər – “Buraxsınlar gedək”

Xaçmaz rayonundan Bizimyol.info redaksiyasına zəng edən bir qrup soydaşımız problemlərinin Miqrasiya Xidmətinə çatdırılmasını istəyir.

Yoldaşlarının adından danışan Nadirov Hikmət bildirib ki, onlar Rusiya vətəndaşıdırlar və karantindən öncə Azərbaycana gəliblər. Sərhədlər bağlandıqdan sonra geri gedə bilmədiklərinə görə ölkədə qalma müddətləri (90 gün) bitdikdən sonra burda qaldıqları hər aya görə Miqrasiya Xidmətinə 30 manat ödəyirlər.

“Pandemiya bizim günahımızdan baş verməyib. Gəlmişik, ilişib qalmışıq burda. Buraxsınlar gedək. Biz araşdırmışıq, başqa respublikalarda olan tanışlarımız var, onlarda bu problem deyil, niyə bir tək bizdə bu problemə çevrilib. Buraxsınlar gedək evimizə.Azərbaycanda qalmışıq, burdakı qohum-əqrəbaya yük olmuşuq, iş yox, cibimizdə bir qəpik yox. Heç olmasa hər ay burda qaldığımız müdddətdə cəza yazılmasın deyə tətbiq olunan aylıq 30 manatın ləğv edilməsini nəzərdən keçirsinlər.

 

Elnur Kələntərli

Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Elnur Kələntərov şikayətə cavab olaraq Bizimyol.info-ya bildirib ki, əgər Rusiya qəbul edirsə, vətəndaşların Azərbaycandan getməsində problem yoxdur. O ki qaldı 30 manat məsələsinə, bu dövlət rüsumudur. “90 gün tamam olduqdan sonra onların yenidə sərhədi keçib qayıtmaq imkanları yoxdursa 15 gün sonra 400 manat cərimə yazılmalıdır. Azərbaycanda qalmaları qeyri-qanuni sayılmasın və cərimə yazılmasın deyə bu rüsum tətbiq edilib.Amma qərar verilib ki, pandemiya ilə əlaqədar iki ay ( hər ay 30 manat) ödəniş edildikdən sonra Rusiya vətəndaşları ölkədə bir ay qalsalar belə onlardan başqa ödəniş tələb olunmayacaq.

Mənbə: www.bizimyol.info