Heç kimə arzulamadığımız iş - Çörəyi zibildən çıxanlar

Heç kimə arzulamadığımız iş - Çörəyi zibildən çıxanlar

Eyvaz Qocayev: "Sumqayıt şəhər İcra Hakimiyyəti bu problemin aradan qaldırılması üçün səylərini davam etdirir". Sumqayıt məişət tullantıları poliqonu Sumqayıtın çıxışından bir qədər aralıda yerləşir. Hektarlarla ərazini əhatə edən poliqon dəmir lövhələrlə çərçivəyə alınıb. Qapıya şlaqbaum qoyulub və içəri daxil olan bütün avtomobillərə nəzarət edilir.

Sputnik Azərbaycan xəbər verir ki, poliqona təkcə Sumqayıtın deyil, ətraf rayonların da məişət tullantıları gətirilir.

İçəri daxil olub, məişət tullantılarının aarsında açılan cığırla hərəkət edirsən. Avtomobilin sürətini 20-dən yuxarı qaldırmaq mümkün deyil. Əks halda, gil topraq tozu havaya qalxır.

Qarşımıza yükünü boşaldıb poliqondan çıxan məişət tullantılarını daşıyan avtomobillər çıxır. Bəzi "KamAZ" avtomobilləri isə yükünü boşaldıb, gözləyir.

Sumqayıt poliqonu

Poliqonda onlarla fəhlə çalışır. Onların çörəyi sözün əsl mənasında "zibildən" çıxır. Əvvəlcə poliqona səhv getdiyimizi düşünürlər.

Jurnalist olduğumuzu biləndən sonra isə hər kəs öz işi ilə məşğul olmağa başlayır.

Fəhlələr iş arası istirahət etmək, yemək yeyə bilmək üçün özlərinə kiçik köşklər də düzəldiblər.

Köhnə avtomobillər, ayrılmış kisə-kisə məişət tullantıları və tullantılar arasında çeşidləmə işi ilə məşğul olan fəhlələr...Və bir də tullantılar arasında yem axtaran qarğalar...

Sumqayıt poliqonu

Sumqayıtda məişət tullantılarının emalı zavodunun yaradılması məsələsi hələ bir neçə il əvvəl də gündəmdə olub. Ancaq bu məsələ kağız üzərində qalıb, aparılan danışıqlar reallaşmayıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Sumqayıt şəhərində digər sahələrlə yanaşı ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində də mühüm addımlar atılır. Ötən dövr ərzində şəhər ərazisində məişət tullantılarının toplanması, daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində müasir standartlara cavab verən sistemin yaradılması məqsədilə dəfələrlə xarici və yerli şirkətlərlə danışıqlar aparılıb: "Məişət Tullantılarının Emalı Müəssisəsinin ilkin layihələndirilməsi də aparılıb, ayrı-ayrı təşkilatlarla danışıqlar aparılıb. Yəni, bu məsələ Sumqayıt şəhərində əsas prioritet istiqamətlərdəndir. Sumqayıt şəhər İcra Hakimiyyəti bu problemin aradan qaldırılması üçün səylərini davam etdirir".

Sumqayıt poliqonu

Onun sözlərinə görə, Sumqayıtda tullantıların emal edilməsi müəssisəsinin yaradılması ilə bağlı hökumət qarşısında da məsələ qaldırılıb, Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsinin müzakirəsinə həsr olunmuş iclasda da bu məsələ qaldırılıb. Sumqayıt şəhərində məişət tullantıları zavodunun tikintisinin vacibliyi vurğulanıb. Dövlət investisiya xərclərində bu layihənin nəzərə alınması imkanlarına baxılması təklif olunub.

Bu problemin aradan qaldırılması həm hökümətin, həm aidiyatı qurumların, eyni zamanda Sumqayıt şəhər İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir və bu proses davam etdirilir.

Xatırladaq ki, məişət tullantıları poliqonu Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin nəzdində olan "Sumqayıt şəhər Təmizlik Departamenti" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) balansındadır. İstehsalat və məişət tullantıları haqqında qanunda da belə tələb olunur ki, məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi bilavasitə yerli icra hakimiyyətlərinin müvafiq strukturları tərəfindən həyata keçirilir.

Mənbə: sputnik.az