Avropada koronavirusa yoluxma sayı yenidən artır

Avropada koronavirusa yoluxma sayı yenidən artır

Bir sıra regionlarda vəziyyətin yaxşılaşmasına baxmayaraq, koronavirus Avropa qitəsini tərk etmək istəmir. Azvision.az "Euronews"a istinadən xəbər verir ki, pandemiyadan ən çox zərər çəkən İtaliyada koronavirusun yayılma təhlükəsi ilə əlaqədar hakimiyyət 13 ölkədən olan vətəndaşların respublikaya girişini müvəqqəti qadağan edib.

Onların arasında Ermənistan, Bəhreyn, Braziliya, Bosniya və Herseqovina da var. Son iki həftədə bu ölkələrdə olan italyanlar 14 gün təcrid olunacaqlar.

Rumıniya yeni koronavirus infeksiyası hallarının artmasından narahatdır. Bu ölkədə bir gün ərzində 600-dən çox insanda infeksiya aşkar edilib. Hakimiyyət vətəndaşları sosial məsafə və gigiyena qaydalarına ciddi əməl etməyə çağırıb.

Səhiyyə Nazirliyi Rumıniyada "epidemiyanın ikinci zirvəsinin" yaşadığını açıqlayıb. Ancaq hələlik fövqəladə vəziyyətə qayıtmaq barədə qərar yoxdur.

İspaniyanın Balear adalarının hökuməti muxtar icma daxilində qoruyucu maskalar taxmağı məcbur edib. Qərar gələn həftə sonu qüvvəyə minəcək. Hazırda adalarda doqquz kiçik infeksiya ocağı qeydə alınıb. Səhiyyə xidmətləri onların hamısının nəzarət altında olduğunu bəyan edib.

Fransa və Yunanıstanda isə səlahiyyətlilər bəyan edirlər ki, insanlar çox vaxt sanitariya təhlükəsizliyi qaydalarına laqeyd yanaşırlar. Yunanıstanın bir sıra ölkələrlə uçuşları bərpa etməsi, qonşu ölkələr də daxil olmaqla, koronavirusun idxalı hallarını artırıb. Afina, bazar ertəsi yeni məhdudlaşdırıcı tədbirlər elan edə biləcəyini bəyan edib.

Mənbə: azvision.az