Özbəkistanda karantin rejimi yenidən sərtləşdirildi

Özbəkistanda karantin rejimi yenidən sərtləşdirildi

Özbəkistanın Nəqliyyat Nazirliyi ölkədə koronavirus infeksiyasına yoluxanların sayının artması ilə əlaqədar olaraq iyulun 13-dən etibarən daxili sərnişin daşımalarını yenidən dayandıracaq.

Azvision.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Özbəkistan Novruz Aşumatov bildirib. Onun sözlərinə görə, yoluxma sayı artdığından iyulun 10-dan avqustun 1-dək nəqliyyatın hərəkəti məhdudlaşdırılır, 65 yaşdan yuxarı insanların özünü təcridetmə rejimi tətbiq olunur.

Həmçinin, geyim bazarları, iri mağazalar, idman salonları, fitness klubları və hovuzların işi dayandırılıb, uşaq bağçaları, iaşə obyektləri (çatdırılma xidmətləri istisna olmaqla), pansionatlar, sanatoriyalar, uşaq düşərgələri və istirahət zonaları yenidən bağlanıb.

İyulun 13-dən başlayaraq hava və dəmir yolu nəqliyyatı daxil olmaqla Özbəkistanda daxili marşrutlar dayandırılır. İyulun 10-dan isə regionlar arasında avtobusların hərəkəti məhdudlaşdırılır.

"Vətəndaşların sərhəd məntəqələrindən karantin zonalarına daşınması üçün avtobus səfərlərinin təşkilinə icazə verilir", - deyə Aşurmatov əlavə edib.

Pərvanə Sultanova
Azvision.az

Mənbə: azvision.az