“Sumqayıtda məişət tullantılarının emalı zavodunun tikintisinə dövlət büdcəsindən vəsait ayrılmalıdır” – Direktor

“Sumqayıtda məişət tullantılarının emalı zavodunun tikintisinə dövlət büdcəsindən vəsait ayrılmalıdır” – Direktor

 

 

"Havaya çirkləndirəm sexlərdən biri idarəmizin yaxınlığındadır, saat 5-dən sonra gəlib həmin yerdə çəkiliş aparın, vəziyyəti öz gözlərinizlə görün”

Sumqayıt şəhərini axşam və gecə saatlarında bürüyən üfunət qoxusu və tüstünün mənbəyi hələ də müamma olaraq qalır. Sakinlər isə Sumqayıtın şimali qərb istiqamətində yerləşən məişət tullantıları poliqonun yandırıldığını iddia edir. Xeberle.com informasiya saytının əməkdaşları mövzunun aktuallığını nəzərə alaraq, məsələ ilə bağlı növbəti dəfə rəsmi qurumlara suallarla müraciət ediblər.

"Sumqayıt şəhər Təmizlik Departamenti” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Atəş Rüstəmov məsələ barədə bildirib ki, son günlər atmosferdəki mövcud tüstü-qoxunun mənbəyi bu poliqon deyil və media mənsubları istənilən vaxt, hətta gecə də gəlib poliqoliqonda çəkiliş edə bilər. "Kimlərinsə taqsırına görə biz əhaliylə üz-üzə qalırıq. Sumqayıtın müxtəlif yerlərində gizli yollarla gecələr işləyən metal, qurğuşun, plastik, alüminium əritmə və sairə sexlər var ki, gecə saatlarında işləyirlər. Adını çəkdiyim sexlərdən biri tam bizim idarənin yaxınlığındadır, saat 5-dən sonra gəlib həmin yerdə çəkiliş aparın, vəziyyəti öz gözlərinizlə görün. Sex işləyərkən ərazidən dözülməz qoxu gəlir, lakin hamı poliqondan şikayət edir. Artıq poliqonda heç bir yanğın, təhlükəli bir vəziyyət də yoxdur. Axşam idarəyə zəng edilmişdi (red. 8 iyul tarixi nəzərdə tutulur), özüm şəxsən araşdırdım. Nümayəndə göndərdim əraziyə baxış keçirildi, heç bir yanğın faktı aşkarlanmadı. Günümüzdə məişət tullantılarının utilizasiyası basdırma üsulu ilə həyata keçirilir. İdarə olaraq da basdırılma prosesinə tam nəzarət edilir. May ayının sonlarına qədər departament icarədə olub, icarədarın işi bizi qane etmədiyi üçün rəsmi sənədlərlə poliqonu icarədən çıxarmışıq, özümüz nəzarət edirik. Poliqon ərazisi hasarlıdır, icarədə olduğu müddətdə bəzi yerlərdə hasarların söküntüsü olub. 125 hektarlıq ərazinin hasarını tam bərpa edirik”, - deyə A.Rüstəmov söyləyib.

İdarə rəsmisi daha sonra fikirlərinə əlavə edib: "O ki qaldı sizin yanğın olacağı təqdirdə operativ müdaxilə üçün Fövqaladə Hallar Nazirliyi avtomobilinin ərazidə keşik çəkməsi ilə bağlı sualınıza, bu bizim səlahiyyətlərimiz daxilində olan bir iş deyil. Ərazini tam olaraq kamera sistemi ilə təmin edə bilməsək də, əsas giriş hissələrdə gələcəkdə kameraların quraşdırılması nəzərdə tutulub. Yanğının baş vermə səbəbi qıcqırma nəticəsində yaranan metan qazıdr. Bir qığılcımla öz-özünə alışmalar baş verir. Lakin qarşısı tez alınır. Qeyd edim ki, may ayı ərzində poliqonda yanğın olan zaman 30 texnika vasitəsi ilə alov 20 gün müddətində söndürüldü. Gecələr yandırılıb, səhərlər söndürülə bilməsi absurd fikirdir. Gün ərzində Sumqayıt və Abşeron ərazisindən poliqona 5000- 5500 kub tullantı gətirilir. Məişət tullantıları zavodunun tikilməsi bizim imkanlarımız daxilində deyil, müəssisənin tikintisinə dövlət büdcəsindən vəsait ayrılmalıdır. Bunun isə nə vaxt rellaşacağı barədə hələ bir məlumatımız yoxdur”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt şəhərində yerləşən 4 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə də əlaqə saxladıq. Lakin qurum müraciətlərimizi cavabsız qoydu.

Mövzunun araşdırılması gələcəkdə də davam etidiriləcək

Xədicə Səxavətqızı

 

Mənbə: xeberle.com