"İnsanlar virusdan yox, susuzluqdan qırılacaq” - Neftçala təbii fəlakətə təslim olmaq üzrədir...

"İnsanlar virusdan yox, susuzluqdan qırılacaq” - Neftçala təbii fəlakətə təslim olmaq üzrədir...

Xəbər verdiyimiz kimi Xəzər dənizinin duzlu suyunun Kür çayına axması nəticəsində Neftçala rayonunda səksən min insan susuz qalıb. Hazırda əhaliyə maşınlar vasitəsilə içməli su çatdırılır.

Moderator.az-a açıqlamasında Neftçala rayon Aşağı Qaramanlı kənd sakini, 2016-cı il aprel döyüşlərində şəhid olan Elimdar Səfərovun qardaşı Elizbar Səfərov rayonda vəziyyətin çətin olduğunu bildirib:

“Burda vəziyyət çox çətindi, camaat su tapmır içməyə. Əhaliyə maşınlarla içməli su paylayırlar, amma bununla iş düzəlmir. Əhalinin mal-qarası susuzluqdan tələf olur. Təcili köməklik olunmalıdır. Havaların belə isti keçdiyi bir vaxtda içməli suyun olmaması insanları çıxılmaz vəziyyətə salıb. Xahiş edirəm kömək etsinlər”.

Neftçala rayon sakini, “Vur, komandir, vur!” şüarı ilə məşhurlaşan keçmiş hərbçi İlkin Muradov isə sosial şəbəkə hesabında məsələylə bağlı aidiyyatı qurumlara müraciət edib:

“Artıq Xolqarabucaq qəsəbəsində də vəziyyət pisdi, su duzlaşıb. Amma bizim başda oturan məmurlar su problemini həll etmək əvəzinə, kənd-kənd düşüb camaatı cərimələməklə məşğuldurlar. Buna bir çarə tapın! İnsanlar virusdan yox, susuzluqdan qırılacaq”.

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az