Masallı sakini yaxın qohumlarının onun evindən qızıl-zinət əşyalarını oğurladığını deyir...

Masallı sakini yaxın qohumlarının onun evindən qızıl-zinət əşyalarını oğurladığını deyir...

Masallı rayon Təzə Alvadı kənd sakini Allahverdiyev İlqar Ağaverdi oğlu ötən il oğluna toy etdikdən sonra həyat yoldaşının və gəlininin qızıl-zinət əşyaları evindən oğurlanıb.

İ.Allahverdiyev Moderator.az-ın əməkdaşıyla söhbəti zamanı oğrularının tapılmamasına görə məyus olduğunu bildirib:

“Mən Allahverdiyev İlqar Ağaverdi oğlu 1968-ci ildə Masallı rayon Təzə Alvadı kəndində anadan olmuşam. İki övladım var. Qızım ailə qurduqdan sonra oğlumu da evləndirmək qərarına gəldim. 2019-cu ildə oğluma yaşadığım kənddə toy etdim. Avqustun 21-də axşam saatlarında bacımgil bizim ailəni evlərinə qonaq çağırdı. Qonaq gedərkən evimi qonşuya tapşırdım. Gecə saat 23:00 radələrində evə gələndə məlum oldu ki, evimə oğru girib”.

İ.Allahverdiyev deyir ki, onun evinə girənlər evə bələd adam olublar və ancaq təmirli otaqların qapısını açıblar:

“Evimə mətbəxin pəncərəsindən daxil olmuşdular. Daha sonra isə naməlum şəxslər gəlinimin və həyat yoldaşımla mənim otağıma daxil olaraq heç bir şeyi dağıtmadan ancaq qızılları qoyulduğu yerdən götürərək evdən uzaqlaşıblar. Mənə maraqlı olan odur ki, evimdə iki təmirsiz otağım var və evə daxil olan şəxslər o otaqların qapısını sıdırmayıblar. Bəs görən onlar hardan bilirdi ki, mənim və oğlumun otağında qızıllar var?”.

Şikayətçi bildirir ki, hadisədən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ ki, onun oğruları tapılmayıb:

“Hadisə baş verən gün mən Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vurdum. Daha sonra evimə Masallı polis bölməsinin əməkdaşları gəldi. Evə baxış keçirdilər. Amma indiyə kimi heç bir nəticə yoxdur. Mən polis əməkdaşlarına yaxınlarımdan şübhələndiyimi demişəm. İndiyə kimi bir çox yerlərə müraciət etmişəm, lakin heç bir irəliləyiş yoxdur. Dəfələrlə Masallı polis bölməsinə getmişəm və bildiriblər ki, hələ ki, istintaq gedir. Bir neçə gün öncə isə Masallı rayon Prokurorluğunda oldum. Prokurorluqda da işin araşdırlacağını bildirdilər. Mən sizin vasitənizlə Baş prokuror Kamran Əliyevdən kömək istəyirəm. Xahiş edirəm mənə köməklik etsin”.

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az