Leysan yağışlar Daşkəsənə ciddi ziyan vurdu - VİDEO

Daşkəsən rayonu ərazisində 13 iyul 2020-ci il tarixdə saat 14-00 radələrində baş vermiş güclü leysan yağışları səbəbindən yaranmış sel suları rayonun yol, elektrik, qaz və rabitə təsərrüfatlarına, sakinlərin fərdi yaşayış evlərinə və şəxsi təsərrüfatlarına, avtomobillərinə, ərazidə olan sosial obyektlərə, yaylaqlarda vətəndaşların mal-qarasına çox ciddi ziyan vurub.

Modern.az xəbər verir ki, təbii fəlakət nəticəsində rayonun Xoşbulaq, Qaraqullar, Muşavaq, Alaxançallı, Çanaqçı, Suqovuşan kəndləri ərazisindəki körpülərə, yollara və obyektlərə daha çox ziyan dəyib.

Qaraqullar kəndi ərazisində sel suları kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarıb.

Bir çox ərazilərdə dağlardan iri qaya parçaları qoparaq avtomobil yollarına tökülmüş, həmin yollarda nəqliyyatın hərəkətində çətinlik yaranıb.

Baş vermiş hadisə ilə əlaqədar dərhal Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin rəhbərliyi ilə rayonun aidiyyəti idarə, müəssisə, xidmət təşkilatlarının rəhbərləri ilə birgə hadisə yerlərinə baxış keçirib.

Dəymiş ziyanların daxili imkanlar hesabına qısa müddətdə aradan qaldırılması istiqamətində işlər görülür.

 

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Belarusda koronavirusa yoluxanların sayı 65 114-ə çatdı

SONRAKI XƏBƏR

Türkiyədən açıqlama: Rusiyaya dedik, atəşkəs istəyirik