Bakıda su qıtlığı yaranıb - Səbəb açıqlandı

Bakıda su qıtlığı yaranıb - Səbəb açıqlandı

Əvvəllər 24 saat fasiləsiz su verilən ərazilərdə gecə saatlarında suyun verilməsi dayandırılır, su anbara toplanır

BAKI, 13 iyul — Sputnik. Paytaxtın bəzi rayonlarında su fasilələrlə verilir.

Binəqədi rayon sakinlərinin sözlərinə görə, əvvəllər əraziyə su 24 saat verilsə də, son zamanlar gecə saat 00.00-da suyun verilməsi dayandırılır. Bir də su səhər saatlarında verilir.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, buna səbəb bütün ölkədə su problemi yaşanmasıdır: “Vətəndaşlar bunu nəzərə almalıdır. "Azərsu" rejim tənzimləmələri həyata keçirir. Bu səbəbdən də əvvəllər 24 saat fasiləsiz su verilən ərazilərdə gecə saatlarında suyun verilməsini dayandırıb, suyu anbara toplayırıq ki, gündüz saatlarında verə bilək. Bunu abunəçilər nəzərə almalıdır”.

Xatırladaq ki, yay fəsli olması və ölkədə pandemiya olması ilə əlaqədar olaraq, suyun istifadəsi 38 faiz artıb.

Mənbə: sputnik.az