Ermənilərin öldürdüyü 76 yaşlı kişi dəfn edildi

Ermənilərin öldürdüyü 76 yaşlı kişi dəfn edildi

Xəbər verdiyimiz kimi, iyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində kənd sakini həlak olub.

"Yeni Müsavat" qəzetinin Tovuz rayonunun Ağdam kəndinə ezam olunmuş reportyor qrupu xəbər verir ki, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu doğulduğu kənddə dəfn edilib.

Əməkdaşlarımız bildirir ki, mərhum dünən Ağdamdakı evində qızı və nəvələri ilə birlikdə olub. Axşam saatlarından etibarən ermənilərin kəndi şiddətli atəşə tutmasından sonra onun qızı və nəvəsi kənddən çıxarılıb. Lakin Əziz Əzizov evdən çıxmayacağını, kəndini tərk etməyəcəyini deyib.

Hətta dünən axşam saatlarında Əziz Əzizovun yaşadığı evə polis əməkdaşları da gedərək ona evini tərk etməsini məsləhət görüblər. Lakin Əziz Əzizov yenə də kəndindən getməyəcəyini deyib. Səhər saatlarında ağır artilleriyadan atılan mərmi onun evinin həyətinə düşüb. Qəlpələr evin böyük hissəsini yararsız vəziyyətə salıb.

Əziz Əzizov aldığı qəlpə yaralarından evinin koridorunda dünyasını dəyişib.

 

 

Mənbə: cia.az