Türkiyədə qadın cinayətlərinin əleyhinə etirazlar keçirilir

Türkiyədə gənc bir qadının qətlindən sonra bir sıra etiraz aksiyaları keçirilir. Türkiyə höküməti qadınları şiddətə qarşı qoruyan beynəlxalq konvensiyadan geri çəkilməyi nəzərdən keçirir, baxmayaraq ki, insan haqları qrupları qətlə yetirilən qadınların sayının artması barədə xəbərdarlıq edir.

Ötən həftə polis döyülüb, daha sonra isə boğularaq öldürülən 27 yaşlı universitet tələbəsi Pınar Gültəkinin cəsədini aşkar edib. Yerli media polis mənbələrinə istinadən bidlirib ki, onun cəsədi Türkiyənin Muğla əyalətindəki meşəlik ərazidə üzərinə beton tökülmüş zibil qutusunun içində tapılıb.

Gültəkini qətli İstanbul və bir neçə başqa şəhərlərdə nümayişlərə səbəb olub. Fəallar diqqətin ölkədə cinayətə qurban olmuş qadınlarının sayının artmasına yönəlməsinə çağırıblar. Ötən həftə İstanbulun Kadıköy rayonunda baş verən bir etiraz zamanı qadınlar “biz yaşamaq istəyirik” və “qadın cinayətlərinə son” şüarlarını səsləndiriblər.

Egenin liman şəhəri olan İzmirdə polis qadınların keçirdiyi etiraz aksiyasını dağıdaraq bir neçə nümayişçini həbs edib.

Qadınlar sosial media hesablarında etirazların videolarını paylaşıblar. Türkiyəli qadınlar Instagram hesablarında Pınar Gültəkinin qətlinə etiraz olaraq özlərinin ağ-qara şəkillərini paylaşırlar. Onların başlatdıqları bu kampania artıq qlobal miqyasda davam etdirilir.

“Dünyəvi qadınlardan tutmuş mühafizəkar qadınlara, işləyən qadınlardan tutmuş işləməyən qadınlara kimi hər kəs qəzəblidir,” İstanbulda fəaliyyət göstərən “Biz Qadın Cinayətlərinə Son Qoyacağıq” kampaniyasından Mələk Öndər bildirir.

“Amma biz bilirik ki, bu qəzəb Türkiyədə qadınların hərəkatını gücləndirir. Onlar bizim platformamıza müraciət edib, nə isə etmək istədiklərini, etirazlara qoşulmaq istədiklərini deyirlər,” o əlavə edib.

Türkiyədə etirazlar beynəlxalq səhnədə qadınlara qarşı zorakılıqlara etirazların fonunda baş verir. Bu etirazların çoxu adi insanlar tərəfindən sosial media vasitəsilə təşkil olunub. Bunlar arasında “me too” kampaniyası da var.

“Biz Qadın Cinayətlərinə Son Qoyacağıq” kampaniyasının veb səhifəsində qtəlrə yetirilən qadınların siyahısı yerləşdirilib və onların sayı demək olar ki, hər gün artır. Qrup bu ilin ilk altı ayında 172 qadın cinayətinin olduğunu bildirir. 2019-cu ildə isə il boyu 416 qadın qətlə yetirilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Twitterdə Gültəkinin qətlini psiləyib, amma fəallar onun məsələ ilə bağlı başqa heç nə etmədiyindən şikayətlənir.

Etirazlar Ərdoğan höküməti gender məsələlərinə öhdəlikləri ilə bağlı yeni tənqidlərlə üzləşdiyi vaxta təsadüf edir.

Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyası (AKP) açıq şəkildə Türkiyənin qadınları zorakılığa qarşı müdafiə edən beynəlxalq İstanbul Konvensiyasındakı iştirakını sual edir.

“Mən deyirəm ki, İstanbul Konvensiyasını imzalamaq yanlış idi,” AKP sədrinin müavini Numan Kurtulmuş bu yaxınlarda televiziyada yayımlanan müsahibəsində söyləyib.

“Bu konvensiyanın mətnində bizim heç vaxt qəbul edə bilməyəcəyimiz iki məsələ var ki, ona diqqət yetirmək lazımdır. Onlardan biri gender haqlarıdır, ikincisi cinsi oriyentasiya haqlarıdır,” Kurtulmuş qeyd edib.

Türkiyənin mühafizəkar mediası Kurtulmuşu dsətəkləyir və Konvensiyanı ailə dəyərlərinə xələl gətirməkdə günahlandırır.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

“Ermənistan rəhbərliyi nəticə çıxarmalıdır” ÖZƏL-ŞƏRH

SONRAKI XƏBƏR

Yoluxma sayının azalması pandemiyanın geri çəkilməsi demək deyil