Avropa və Latın Amerikası ölkələrində pandemiyanın ikinci dalğası başlayıb – Azərbaycan necə qorunmalıdır…

Avropa və Latın Amerikası ölkələrində pandemiyanın ikinci dalğası başlayıb  – Azərbaycan necə qorunmalıdır…

Adil Qeybulla: “Karantin qaydalarına əməl edilməzsə, ikinci dalğa ola bilər”

Dünyada COVID-19 pandemiyası yenidən alovlanıb. Mütəxəssislər ikinci dalğanın başlaması barədə insanları xəbərdar ediblər. Xüsusən Latın Amerikası ölkələrində vaxtında tədbir görülməməsi vəziyyətin nəzarətdən çıxmasına səbəb olub.

Braziliyada koronavirus infeksiyasına yoluxanların sayı artıq 2 milyon 708 mini ötüb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, son sutkada virusa daha 45 min 392 yoluxma qeydə alınıb. Bununla yanaşı, son bir gündə təhlükəli virusdan 1088 nəfər ölüb. Ümumiyyətlə, 93 563 insan COVID-19-un qurbanı olub.

Almaniyada son sutka ərzində koronavirusa 240 yoluxma qeydə alınıb. Bununla da COVID-19 infeksiyasına yoluxanların sayı 210 min nəfərə çatıb. Qeyd edilir ki, ölkədə təhlükəli infeksiyadan ölənlərin sayı 9 141 nəfərdir. Bununla yanaşı, virusa yoluxmuş təxminən 193 min insan sağalıb.

Qonşu Türkiyədə isə koronavirusdan daha 19 nəfər ölüb.

Rusiyanın paytaxtı Moskvada son sutkada daha 12 nəfər koronavirusdan ölüb. Bu barədə Koronavirusla Mübarizəyə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.

Azərbaycanda isə vətəndaşların səbr və təmkinli davranışı, karantin qaydalarına riayət etməsi, fərdi məsuliyyət, ən əsası da dövlət tərəfindən görülən tədbirlər nəticəsində müsbət dinamika müşahidə olunur. Artıq 20 gündən çoxdur ki, ölkəmizdə koronavirusdan sağalanların sayı yoluxanların sayından üstündür. Son statistik məlumata görə, Azərbaycanda təhlükəli virusa, ümumilikdə, 32157 nəfər yoluxub, 26474 nəfər sağalıb, 454 nəfər isə bu virusun qurbanı olub.

Maraqlıdır, ölkəmiz ikinci dalğadan özünü necə qorumalıdır, bu istiqamətdə nə kimi işlər aparılmalıdır?

“...Azərbaycanda koronavirusa yoluxanların sayı tamamilə sıfıra enəcək, bundan sonra...”

Məsələ ilə bağlı fikir bildirən professor, həkim-ekspert Adil Qeybulla qeyd etdi ki, karantin qaydalarına riayət edilməlidir: “Karantin qaydalarına əməl edilməzsə, ikinci dalğa ola bilər. İnsanlar paltar mağazalarına daxil olub, eyni mallara baxırlar. Belə olanda yanlarında xəstə birinin dayanmasının fərqində olmurlar. Lakin bərbərxanalarda, heç olmasa, stullar aralı qoyularaq sosial izolyasiya tədbirləri görülə bilər. İnsanlar karantinin yumşaldılmasından istifadə edərək maskasız gəzirlər. Bu səbəbdən təklif edirəm ki, insanlara bu məsələ ciddi surətdə başa salınsın və nəzarət gücləndirilsin. Yəni maskada gəzmək şərti qoyulmalıdır. Məsələn, Almaniyada da karantin yumşaldılıb, lakin maskada gəzmək qəti şərt olaraq saxlanıb”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, günbəgün hər kəs öz yaxınının koronavirusa yoluxması xəbərini alır. Bütün bunlar kifayət qədər ciddi hadisələrdir və duruma qeyri-ciddi formada yanaşmaq olmaz. İkinci dalğa o zaman başlayacaq ki, Azərbaycanda koronavirusa yoluxanların sayı tamamilə sıfıra enəcək. Bundan sonra yoluxma artarsa, onu ikinci dalğa saymaq olar. İkinci dalğanın olmaması üçün, kimliyindən asılı olmayaraq, hər kəs maska taxmalı, sosial məsafə saxlamalı, təmizlik qaydalarına riayət etməlidir.

Unutmamalıyıq ki, hər kəs sağlamlığını yalnız özü qoruya bilər. Ən mühüm məsələ isə üç sadə məhdudiyyətdir: tibbi maskadan istifadə etmək, sosial məsafə saxlamaq və sanitar qaydalara riayət etmək. Bunu etmək çətin deyil, amma etməmək hər kəsin ciddi çətinliklə üzləşməsinə səbəb ola bilər.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com