"Qan"a ehtiyacı olanlar - Quardiola və Byelsa arasında, əslində, nə baş vermişdi?

"Qan"a ehtiyacı olanlar - Quardiola və Byelsa arasında, əslində, nə baş vermişdi?

 

Pep Quardiola və Marselo Byelsanın 11 saatlıq görüşü məşhurdu. Yadınızdadırsa, ilin əvvəlində "Quardiola və idman direktorluğu" mövzusunda yazanda ikilinin Rosario macərasına qısaca toxunmuşdum. İlk dəfə 4-5 il əvvəl Qillem Balaqenin Quardiola ilə bağlı kitabında bu barədə oxumuşdum. Təzəlikcə çıxan, Byelsanın həyatından bəhs edən kitabda da həmin görüşdən bəhs olunmuşdu. Arada heç bir fərq yox idi. Lakin Pep kitablardakı bəzi detalların tam olaraq həqiqəti əks etdirmədiyini açıqlayıb. Əvvəlcə olanları bildiyimiz formada xatırlayaq, yəni Quardiolanın dostu David Truebanın nəql etdiyi kimi, sonra isə Pepin düzəlişinə keçək.

Pep peşəkar futbolçu karyerasını bitirdikdən sonra məşqçi olmaq istədiyini dəqiqləşdirmişdi. Lisenziya işini həll etmişdi, amma öyrənəcəyi çox şey olduğunu düşünürdü. Ona görə də məşqçiliyə başlamamışdan əvvəl Argentinaya yollanmaq, orada Rikardo La Volpe, Marselo Byelsa və Sesar Luis Menotti ilə görüşmək qərarına gəlir.

Pep və dostu David Trueba (ispan rejissor və yazıçı) avtomobillə Buenos Ayres-Rosario arası 309 km.-lik yolu qət etdikdən sonra Byelsanın evinə çatırlar. Marselo onlar üçün Argentinasayağı barbekyu - asado - hazırlayır. Söhbətin əvvəlləri daha çox Trueba və Byelsa arasında keçir. Argentinalı məşqçi həm də kinomandı. Boş vaxtlarında gündə minimum iki film izləməyi sevir. Hətta bir gün dostu - rejissor Fransisko Lombardinin bütün filmlərini izləyib, analiz edib və ona göndərib. Nə isə, Byelsa ilk bir saat boyunca Truebanı filmlər barədə sorğu-suala tutur. David də görür ki, adam dayanmaq bilmir, pası atır Pepə: "Bu qədər yolu filmlər haqda danışmaq üçün gəlmisən?"

Yalnız bundan sonra Byelsa və Pep əsas mövzuya keçirlər. Onlar obsessiyalarını, istəklərini, oyun ehtiraslarını bölüşürlər, ardınca analizlərə keçirlər və hətta ideyalarının praktikada tətbiqinə də zaman ayırırlar. Söhbətin bir yerində Trueba ayılır ki, onu otaqdakı kreslo ilə birə-bir oynamağa məcbur edirlər.

11 saatın tamamında, Quardiola sağollaşmağa hazırlaşanda Byelsa ona bir sual ünvanlayır: "Futbol dünyasında baş verən bütün neqativ proseslərdən xəbərdarsan. Futbolun içindəki insanların çoxunun vicdansız olduğunu yaxşı bilirsən. Bununla belə, niyə qayıtmaq və məşqçiliklə məşğul olmaq istəyirsən? "Qan"ı bu qədər çox sevirsən?" Pep cavab verir: "Mənim o "qan"a ehtiyacım var".

Bura qədər oxuduqlarınız görüşün şahidi David Truebanın danışdıqları əsasında kitablarda öz əksini tapıb. İndi isə keçək Quardiolanın bu yaxınlarda dediklərinə:

"Bu, əslində, belə deyil. Mən sizə danışacam. Davidlə mübahisə etmək niyyətim yoxdu, çünki o, tanıdığım ən yaxşı yazıçı... Ya da, "ən yaxşı" deməyim, çünki onda digər yazıçılar məndən inciyər. O, bu işdə yaxşı olmaqla yanaşı, həm də əla rejissordu. Darıxdırıcı həyatımda tanıdığım ən yaxşı, ən təvazökar insanlardan biridi. Yaxşı ki, onu tanımışam. Sadəcə, bu hadisə danışıldığı kimi olmayıb. Görüşümüz 11 saat davam edib - bu, düzdü. Marselonun mənə göstərdiyi münasibətə görə heç vaxt onun haqqını tam olaraq ödəyə bilməyəcəm. Mən onda heç kim idim, "Barselona B"-də belə çalışmırdım. Məşqçilik lisenziyam var idi, bu qədər. Amma o, mənimlə görüşməyə razılıq verdi. Marselo kimi birinin məni o şəkildə qəbul etməsi, elə gözəl rəftar etməsi heyrətamiz idi. Byelsa ilə görüşməmişdən bir gün əvvəl Luis Menotti ilə bir araya gəlmişdik. Eynisi ona da aiddi. Söhbətin gedişində Byelsa mediadan bəhs etdi, mən də soruşdum: "Futbol dünyasında baş verənlərdən şikayətlənirik, bəzən bu oyun normal yaşayışımıza belə mane olur. Marselo, bunu bilə-bilə, niyə akademiyada və ya daha həvəskar səviyyədə məşqçiliklə məşğul olmursan? Beləcə, peşəkar dünyanı, medianı, tənqidləri və yüksək səviyyəli oyunçuları həyatından silə bilərsən". Və mənə həmin cavabı verən o idi: "Mənim "qan"a ehtiyacım var".

Məncə, hamımızın həmin "qan"a ehtiyacı var. Əks halda istiqamət bəllidi: ev. Məşqçilik asılılıq yaradır. Yaxşı və ya pis, fərq etməz, bu iş istənilən situasiyada limit tanımır, nəticədə təhlükə və risk həyatınız üçün adi hala çevrilir. Həyəcanlananda təmkinli olmağı bacarmalı, özünüzü ələ almalısınız, pis anlarınızda isə özünüzü ruhlandırmalısınız. Dediyim kimi, bu iş sərhəd tanımır, hər şeyi dibinə kimi yaşamalı olursunuz. Hansısa yazıçı kitab yazır, haqqında bir-iki tənqid olur, bitdi. Eynisini rejissorlar haqqında da deyə bilərik. Bizim peşədə isə davamlı olaraq sizə yüklənirlər. Hər üç gündən biri sizi məhv edə bilərlər. Bunu edərkən anidən ingilis futbolunu dəyişdirdiyinizi də deyə bilərlər. Medalyonun digər tərəfi də var. Qələbə qazanmaq istəyi, oyunçuları inandırmaq, onları təşviq etmək, qarşılıqlı dəstək, qarşılıqlı öyrənmə prosesi... - bütün bunlar asılılıq yaradır. Bu sayədə qaldığınız yerdən yola davam etmək üçün özünüzdə güc tapırsınız. Marselo "qan" sözünü işlədərkən bunları nəzərdə tutmuşdu. Məsələyə aydınlıq gətirmək istədim, çünki həmişə narahat olmuşam ki, birdən Byelsa həmin cümləni ondan oğurladığımı, özümküləşdirdiyimi düşünər. "Qan"a və adrenalinə ehtiyacı olduğunu deyən o idi. Dediklərində həqiqət var. İstefaya göndərildikdən sonra özlüyündə düşünməyə başlayırsan: uzun müddətdi bu işin içində idim, yorucu idi, bundan sonra istirahət edəcəm, futboldan uzaq duracam... Amma 4 ay keçir, yenə klublardan zəng gözləməyə başlayırsınız. Rejissorlardan film çəkilişi üçün dəvət gözləyən aktyorlardan fərqiniz qalmır".

Rüfət Məcid

 

Fanat.Az

Mənbə: fanat.az