Tovuzda düşmən mərmisinə məhəl qoymayan kəndlilər-sərhəd kəndlərindən REPORTAJ

Tovuzda düşmən mərmisinə məhəl qoymayan kəndlilər-sərhəd kəndlərindən REPORTAJ

Bir ay əvvəl Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən döyüşlərdə Azərbaycan tərəfdən 12 nəfər hərbiçi və bir nəfər mülki şəxs şəhid oldu. Eyni zamanda, rayonun sərhəd və cəbhəyanı kəndlərinin ermənilər tərəfindən atəşə məruz qalması ilə xeyli sayda yaşayış evi zərər gördü, onlarla ev isə tamamilə yararsız hala düşdü. Sərhəd-cəbhə kəndlərində bu gün həyat sakit axarla davam etsə də, müharibənin hər an başlaya biləcəyi istisna edilmir. Buna baxmayaraq, adamlar doğma ocaqlarını nəinki tərk eləmək haqda düşünür, əksinə 6 günlük döyüşün vurduğu zərəri aradan qaldırıb dolanışıqlarını yaxşılaşdırmaq üçün gündəlik işləri ilə məşğul olurlar...


Top mərmisindən xilas olan və ola bilməyən ailələr...

Tovuzun Ağdam kəndi Ermənistanın Berd rayonunun Çinari kəndi ilə həmsərhəddir. Bu iki yaşayış məntəqəsini Ermənistan ərazisindəki su anbarı və qoşunlar arasındakı səngərlər ayırır. Ağdam və Çinarinin yerləşdiyi relyef elədir ki, kəndlər bir-birilərini çox aydın şəkildə görə bilirlər.


Ağdam 12-17 iyul döyüşlərində Çinaridəki erməni mövqelərindən aramsız artilleriya atəşinə tutulub. Qarşı tərəfin hərbi bölmələri dinc ağdamlıları top və iriçaplı minaatanlardan hədəfə alıb. Əvvəlcə, kəndin görünən hissələri vurulub. Evi yaşayış məntəqəsinin ən ucqarında yerləşən Qasımovlar ailəsinin həyətinə iki top mərmisi düşüb. Xoşbəxtlikdən yaralanan, həyatını itirən olmayıb. Evin qarşısında bir müddət əvvəl tikilmiş mühafizə divarı partlayışdan meydana gələn qəlpələrin evə dolmasının qarşısını alıb.


“Evdə iki nəvəm var, birinin 12, digərinin isə 8 yaşı var. Mərmilər həyətə açılan darvazanın çölündə və evin yan tərəfində partlayıb. Divar dəlmə-deşikdir. Allaha şükür ki, evdə, qonşuda heç kimə heç nə olmadı” - 65 yaşlı Minayə Qasımova həyətə düşən mərmilərin yerini göstərə-göstərə güzəranlarından danışır: - “Vallah, ay oğul, kənddir də, kartof, lobya, qarğıdalı əkirik, bazarda satıb dolanırıq. Mal-qara, toyuq-cücə də bəsləyir camaat”.


Minayə Qasımovanın nəvələri Bəhram Qasımov və bacısı Aydan Qasımova nənələrinin yanında kəndə qonaq gəlmiş yad adamlara maraqla baxırlar. Bəhram, kəndin şəhid övladı Naiq Yusifovun adını daşıyan Ağdam kənd orta məktəbinin 6-cı sinifində oxuyur. Bacısı Aydan isə 2-ci sinifə keçib. Uşaqlar da heç nədən qorxmadıqlarını deyirlər. Anaları onların daha çox oxumağa vaxt ayırması üçün əlindən gələni edir.

6 günlük döyüşün yeganə mülki itkisi

İyul döyüşlərində kənd itkisiz ötüşə biməyib. Kənd sakini 76 yaşlı Əzizov Əziz İzzət oğlu həyətinə düşən mərminin partlaması nəticəsində həyatını itirib.


“Ayın 12-si idi. Atışma başlayanda atam bizi evdən çıxarıb rayonun özünə yolladı. Hər yay Bakıdan gəlib yanında qalırıq. Uşaqlar da burada idi deyə, atışmada kənddə qalmağımıza icazə vermədi. Nə qədər çalışsaq da, bizimlə getmədi. Səhəri gün tezdən atamın nömrəsinə dəfələrlə zəng elədik cavab vermədi. Axırda əmimiz oğlu İzzətlə Sahibə zəng elədik ki, atam zəngə cavab vermir. Ondan bir xəbər tutub bizə deyin. Onlar da gələndə görüblər ki, atam evin çıxışında yıxılıb qanın içində. Bədəni bir neçə yerdən qəlpə ilə deşilmişdi... Çörək yeyirmiş, niyəsə qapıya çıxmaq istəyib, həmin anda da top mərmisi düşüb...”, - bunu Əziz kişinin qızı Zərnişan Gözəlova deyir.


Həyət-bacada hər tərəfdə qəlpə izi diqqət çəkir. Evin qarşısına düşən top mərmisi pənəcərələrin şüşəsini, divarları, yola açılan darvazanı tamam sıradan çıxarıb. Zərnişan Gözəlova deyir ki, atası 1992-94-cü illərdə döyüşlərdə iştirak edib, kəndin müdafiəsində durub. Əziz Əzizovun dəfni də atəş altında həyata keçirilib. Baxmayaraq ki, kənd atəş altında olub, camaat bir nəfər kimi qəbirstanlığa gələrək onunla vidalaşıb...

Xilaskar dərə... viran qalan bostan

Kəndin başqa bir istiqmətində yerləşən evin sahibi Abdullayevlər ailəsinin də həyətinə top mərmisi düşüb. 2-ci qrup əlil olan Elmar Abdullayev ailənin yeganə oğludur. Bir uşaq atasıdır. Eşitmə qabiliyyəti və nitqi qüsurlu olan Elmarın bu problemi də müharibənin ona bağışladığı bir ömürlük qayğıdır. Deyir ki, kənd atəşə tutulmağa başlayanda ailəsini həyətlərindən bir az aralıdakı dərəyə aparıb ki, heç olmaya ora qismən təhlükəsiz sayılır: “Kəndin içinə, ətrafına mərmi düşəndə, tez uşağı da, anamla yoldaşımı da götürüb dərəyə düşdüm. Ora bir az sakitlik idi. Biz təzəcə dərəyə dümüşdük ki, həyətdə partlayış baş verdi. Yaxşı ki, evdə deyildik. Yoxsa necə olardı, bilmirəm?!”


Anası Fəzakət Abdullayeva deyir ki, Elmar balaca uşaq olanda da kənddə döyüş gedirdi. Qəfildən yanımıza düşüb partlayan mərmidən o vaxt Elmarın qulaqları zədə alıb. Həmin vaxtdan bu yana da eşitməsi çox aşağıdır. Nitqində isə qüsur var. Həyat yoldaşı Qaryağdı Abdullayev Gəncə şəhərində işləyir. Kəndin atəşə məruz qaldığını eşidincə geri dönüb, yoldaşını, gəlinini və nəvəsini yaxın kəndlərdən birinə təhlükəsiz yerə yola salıb. Ata-oğul isə heç yana getməyiblər. Həyətə düşən mərmi, bağ-bostana xeyli zərər vurub. Meyvə və tərəvəz yetişdirib satmaqla dolanan ailənin zəhmətini düşmən mərmisi puça çıxarıb...


Xoşbəxt təsadüf, hədər gedən zəhmət... İki min manatlıq zərər

Qonşu Vahidli kəndi də ermənilərin atəşinə məruz qalıb. Burada kənd sakini Arif Məmmədovun həyətyanı sahəsində ot tayası yanıb. Evinə isə zərər dəyib.


“Mən qonşunun oğlu ilə evə tərəf gəlirdim. Atışma gedirdi. Bir anda hiss elədik ki, partlayış baş verdi. Hasarı uçurdu, qəlpələr evə doldu, tayanı yandırdı. Xoşbəxtlikdən mənə və yanımdakı adama qəlpə dəymədi. Nə qədər çalışsaq da, alovu söndürə bilmədik. Yanğınsöndürənlər gəlib alovu dayandırdılar. Amma onda da gec idi. Taya həm yanıb qurtarmışdı, həm də qalan ot yararsız hala düşmüşdü”, - deyə Arif Məmmədov xatırlayır.


Ev sahibinin sözlərinə görə, təxminən 350 dərz civarında quru otu yanıb. Hazırda isə bazarda bir ədəd yonca dərzinin qiyməti 6 manata yaxındır. Vahidlidə də camaatın əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Sakinlər yerli bazarlara lobya, kartof, qarğıdalı, həmçinin dəigər tərəvəz və meyvə məhsulları çıxarmaqla dolanır. Bu yaşayış məntəqəsində də mərmi düşən ərazilərə yaxın evlərin hamısında çatlar meydana gəlib, qapı-pəncərələrin şüşələri tökülüb.


Ölümdən xilas edən xəstəlik, nicat gözləyən 37 ev

Rayonun ən iri yaşayış məntəqələrindən biri Dondar Quşçu kəndinin əraizisinə düşən mərminin sayı-hesabı bilinmir. Ermənistan Ordusu kəndi bir neçə gün dayanmadan atəşə tutub. Yaşayış məntəqəsində 40-a yaxın ev ciddi şəkildə, xeyli sayda tikili isə müxtəlif dərəcədə zərər görüb.


Kənd sakini Telara Əliyeva deyir ki, əgər atışmanın həyacanından onun qan təzyiqi qalxmasaydı, kənddə ən azı 10 nəfər həyatını itirəcəkdi:

- Həyətdə oturmuşduq. Beş nəfər bizim ailə, bir o qədər də qonşular. Toplaşıb atəşin nə vaxt dayanacağını gözləyirdik. Hiss elədim ki, başım gicəllənir. Qan təzyiqim var. Özümü lap pis hiss eləyəndə yanımdakılar məni həkimə çatdırmaq üçün hamı qapıdan çıxdı. Biz həkimə çatmamışdıq, kəndə bir dənə də mərmi düşdü. Sən demə, bizim evə dəyib həmin top. Qayıdanda gördüm ki, ev hansı hala düşüb. Özüm də 4 ay əvvəl təmir elətdirmişdim guya... “


Ev tamam yararsız hala düşüb deyə, Əliyevlər ailəsi həyətdəki yardımçı tikilidə gecələməli olurlar.

Dondar Quşçunun başqa bir sakininin-Roza Abdullayevanın da evinə mərmi düşüb. Ailə cəmi iki bacıdan ibarətdir. Onlar hər iki valideynini itirdiklərinə görə, xalalarının himayəsində yaşayırlar. Hadisə baş verən gün evdə olmayıblar. Ona görə də, faciədən sağ qurtula biliblər.


Dondar Quşçu kənd icra nümayəndəsinin müavini Ramiz Sadıqovun sözlərinə görə, kəndin ərazisinə, yəni həyətyanı sahələrə 50-dən çox mərmi düşüb. 37 evin vəziyyəti dövlət komissiyası tərəfindən aktlaşdırılıb. Bu yaxınlarda həmin evlərdə təmir-bərpa işlərinin aparılmasına başlanacaq.


Qeyd edək ki, 1992-94-cü illərdə də bu kənd sərhəddən və cəbhə xəttindən uzaq olmasına rəğmən ermənilər tərəfindən ağır artilleriya ilə atəşə tutulub. Həmin illərdə də evlərə zərər dəyib, iki nəfər kənd sakini isə həlak olub.

İyulun 12-dən 17-nə qədər Tovuzun Əlibəyli, Koxanəbi və digər sərhəd kəndləri də ermənilər tərəfindən müxtəlif silahlardan atəşə məruz qalıb...

Sakinlər inanırlar ki, bu dəfə müharibə başlayanda, Azərbaycan əsgəri bu problemə birdəfəlik nöqtə qoyacaq...























Teymur Zahidoğlu
Ordu.az

 

Mənbə: ordu.az