AXCP fəalı 4 il 6 ay həbsə məhkum edilib

AXCP fəalı 4 il 6 ay həbsə məhkum edilib

Bu gün, avqustun 7-də Bakının Nərimanov rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, bu partiyanın sədri Əli Kərimlinin sürücüsü Paşa Umudovu 4 il 6 ay həbsə məhkum edib.

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, Paşa Umudov məhkəmənin hökmündən razı deyil və apellyasiya şikayəti verəcək.

“Biz məhkəmədən bəraət istədik. Prokuror isə 5 il həbs istədi. Hakim 4 il ay həbs verdi,” vəkil qeyd edib.

Paşa Umudov 2019-cu il oktyabrın 19-da Milli Şuranın keçirdiyi mitinqdən öncə, oktyabrın 16-da həbs edilib. O, Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narktok vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham olunub.

Paşa Umudov məhkəmədə özünü təqsirli bilmədyini deyib.

AXCP bəyan edib ki, Umudov siyasi fəaliyyətinə, o cümlədən Əli Kərimlinin sürücüsü olduğuna görə həbs olunub.

Mənbə: www.amerikaninsesi.org