Hacıqabulda meyvə bağında çətənə kolları yetişdirən şəxs saxlanılıb

Hacıqabulda meyvə bağında çətənə kolları yetişdirən şəxs saxlanılıb

Hacıqabul Polis Şöbəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Qazax magistralının yaxınlığında yerləşən meyvə bağında narkotik tərkibli çətənə kolları yetişdirən şəxs saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, daxil olan əməliyyat məlumatı əsasında Hacıqabul şəhər sakini, 1960-cı il təvəllüdlü Salmanov Əli Ağakişi oğluna məxsus M.Əsədov küçəsində yerləşən bağ sahəsində aqrotexniki qaydada qulluq edilmiş 88 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülüb.

Adıçəkilən şəxs çətənə kollarını müxtəlif növ sıx meyvə ağaclarının araında əkməklə onlara aqrotexniki qaydada qulluq göstərib. Keçirilən əməliyyatın davamı olaraq həmin şəxsə məxsus Xəqani küçəsi ev 34-də axtarış zamanı orada yerləşən yarımtikilidən xeyli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Ə.Salmanov barəsində narkotik vasitələrin saxlanması, istehsalı və satışı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

Faktla bağlı Hacıqabul Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Mənbə: apa.az