Belarusdakı kütləvi iğtişaşlarla bağlı cinayət işi açıldı

Belarusdakı kütləvi iğtişaşlarla bağlı cinayət işi açıldı

Belarusun İstintaq Komitəsi kütləvi iğtişaşlar və polisə qarşı zorakılıq faktları üzrə cinayət işi açıb. Azvision.az xəbər verir ki, bu barədə Belarus İstintaq Komitəsinin rəhbəri İvan Noskeviç bildirib.
Onun sözlərinə görə, iğtişaşların təşkilatçılarını və iştirakçıları 15 ilə qədər həbs cəzası gözləyir.
Noskeviç əlavə edib ki, iğtişaşlar bu gecə paytaxt Minskdə və ölkənin bir sıra digər bölgələrində baş tutub.
“Bütün qanunsuz hərəkətlər polis əməkdaşlarına qarşı zorakılıqla müşayiət olunub. Onlarla polis xəsarət alıb”, - Noskeviç deyib.
İstintaq Komitəsinin rəhbəri etiraz aksiyalarının əmlakların dağıdılması və polisə müqavimətlə müşayiət olunduğunu bildirib. Onun sözlərinə görə, aksiya iştirakçıları zibil konteynerlərini, oturacaqları, daş örtüklər, səki plitə parçalarını, şüşə butulkalar və yanan mayeləri cinayət aləti kimi istifadə ediblər.
Xatırladaq ki, Belarus MSK-nın açıqladığı ilkin nəticələrə əsasən, seçkilərdə hazırkı Prezident Aleksandr Lukaşenko ölkənin bütün bölgələrində qalib gəlib.

Pərvanə Sultanova
Azvision.az

Mənbə: azvision.az