Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb


DİA.AZ: - Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan DİA.AZ-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Gəncə şəhər Baş Polis İdarəsinin (BPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 42 yaşlı Muraz Məmmədov saxlanılaraq BPİ-nə gətirilib. Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman əlindəki çantanın içərisindən ümumi çəkisi 2 kq 950 qram narkotik vasitə olan marixuana və 850 qram heroin aşkar edilərək götürülüb. Bundan başqa davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində M. Məmmədovun şəhər ərazisində gizlətdiyi 850 qram qurudulmuş marixuana da aşkar edilərək götürülüb.
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Mənbə: www.dia.az