Bişkek məhkəməsi Qırğızıstanın sabiq prezidentinə verilən cəzanı qüvvədə saxlayıb

Bişkek məhkəməsi Qırğızıstanın sabiq prezidentinə verilən cəzanı qüvvədə saxlayıb

Bişkek, 14 avqust, АZƏRTAC

Bişkek şəhər məhkəməsinin avqustun 14-də keçirilən iclasında Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin apelyasiya şikayəti təmin edilməyib, ona verilən cəza qüvvədə qalıb.

AZƏRTAC xəbər verir ki, Bişkekin Pervomaysk rayon məhkəməsi iyunun 23-də dövlət mükafatları və əmlakı müsadirə olunmaqla Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevi 11 il 2 ay müddətinə həbs cəzasına məhkum edib.

Almazbek Atambayev “qanuni oğru” Əziz Batukayevin qanunsuz azadlığa buraxılması, həmçinin kütləvi iğtişaşlar törətmə, hökumət qüvvələrinə qarşı güc tətbiqi, dövlət çevrilişi, korrupsiya, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldəetmə və digər maddələrlə ittiham olunub.

Xatırladaq ki, ötən il avqustun 7-8-də sabiq prezidentin tutulması ilə bağlı keçirilən əməliyyatda hər iki tərəfdən 136 nəfər yaralanıb, bir xüsusi təyinatlı həlak olub.

Sabiq prezident 2019-cu il avqustun 8-də hökumət qüvvələrinə təslim olub.

Almazbek Atambayev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

 

 

Mənbə: azertag.az