ABŞ ordusu Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatları dayandırmasından bir neçə gün sonra ölkəyə yeni hava zərbələri endirməyə başlayıb.
ABŞ rəsmisinin “Axios”a verdiyi məlumata görə, bu, Trampın diplomatiyaya daha bir şans vermək məqsədilə ötən cümə günü bombardman kampaniyasını dayandırmasından sonra ABŞ-ın İrana qarşı keçirdiyi ilk hava əməliyyatıdır.
Yeni hücumlar İranın bir gün əvvəl İordaniyada yerləşən ABŞ hərbi bazasına raket zərbələri endirməsindən sonra baş verib. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, İranın atdığı bütün raketlər zərərsizləşdirilib.
Tramp çərşənbə günü jurnalistlərə açıqlamasında ABŞ-nin günün sonuna qədər İrana qarşı “çox güclü” zərbə endirəcəyini bildirib.
“İndi növbə bizdədir”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp həmçinin İranın raket hücumunun səhv olduğunu etiraf etdiyini və Vaşinqtondan cavab zərbəsi endirməməyi xahiş etdiyini iddia edib.
ABŞ daha əvvəl İranda hərbi obyektlərə 13 gecə ardıcıl zərbələr endirdikdən sonra əməliyyatları dayandırmışdı. Tramp bu addımı diplomatik danışıqlara imkan yaratmaqla əsaslandırmışdı. Lakin İranın ABŞ-nin İordaniyadakı hərbi bazasına raket hücumu tərəflər arasında yaranmış fasiləni pozub. Nəticədə Vaşinqton hərbi əməliyyatları cəmi beş gün sonra yenidən bərpa edib.
Mənbə: qafqazinfo.az