ABŞ-nin "Gulfstream Aerospace" korporasiyası "G700" biznes-klass təyyarəsinin Los-Anceles (ABŞ) - Farnboro (İngiltərə) marşrutu üzrə yeni sürət rekordu müəyyənləşdirdiyini elan edib. Hava gəmisi 8 778 km məsafəni 8 saat 27 dəqiqəyə qət edib.
Bu barədə sözügedən korporasiyanın rəsmi saytında məlumat verilib.
Bununla da "Gulfstream G700", Kanadanın "Bombardier" şirkətinə məxsus "Global 8000" modelinin göstəricisini 19 dəqiqə yaxşılaşdırıb. Diqqətçəkən məqam odur ki, əvvəlki rekord cəmi bir neçə həftə öncə qeydə alınmışdı. Həmin vaxt "Global 8000" bu məsafəni 8 saat 46 dəqiqəyə uçmuşdu.
Hazırda "Bombardier" və "Gulfstream" təyyarələrindən daha sürətli olacaq yeni nəsil səsdən sürətli sərnişin təyyarələrinin yaradılması üzərində fəal işlər aparılır. Əsas layihələrdən biri NASA-nın "Lockheed Martin Skunk Works" bölməsi ilə birgə hazırladığı "X-59 QueSST" eksperimental təyyarəsidir. Bu yaxınlarda o, ilk dəfə səs baryerini aşaraq gələcək kommersiya aviasiyası texnologiyalarının perspektivini nümayiş etdirib.
Ötən il isə "XB-1" eksperimental təyyarəsi yekun sınaq uçuşunu həyata keçirib. Planlaşdırılmış sınaq proqramının başa çatması ABŞ-nin "Boom Technology" şirkətinə növbəti mərhələyə - səsdən sürətli sərnişin laynerinin tamhüquqlu prototipinin yaradılmasına başlamağa imkan verir.
Mənbə: oxu.az